Fənərbaxçanın kubok həsrəti 27 ilə çatdı (FOTO, VİDEO)
Mayın 5-də Ziraat Türkiyə kubokunun final matçı keçirilib. Azerisport.az xəbər verir ki, Şanlıurfa GAP stadionunda baş tutan qarşılaşmada Fənərbaxça Trabzonsporla qarşılaşıb.
Sonuncu dəfə 1983 ildə Türkiyə kubokunu muzeyinə aparan Fənərbaxça o vaxtdan bu titula həsrətdir. “Sarı-lacivərdlilər”in bu həsrəti azı 1 il də uzanacaq, çünki budəfəki finalda da Fənər məğlub tərəf olub. Hərçənd, hər şey Kristof Daumun komandası üçün əla başlamışdı.
Oyunun 55-ci dəqiqəsində Alekslə hesabı açan Fənərbaxça görüşün gedişini nəzarətdə saxlayırdı. Hətta Umut Bulutun 66-cı dəqiqədə vurduğu cavab qolu da sanki heç nəyi dəyişmədi; “bülbül” əvvəlki tək daha istəkli təsiri bağışlayır, daha hərəkətli görünür, ağzına qədər dolu olan stadion isə Fənərin gec-tez qələbə qolunu vuracağına şübhə eləmirdi. Lakin hər şey bir göz qırpımında dəyişdi.
Əvvəlcə sürətlə cərimə meydançasına daxil olan Əngin Baytar Dieqo Luqano və Volkan Dəmirəli “işsiz” qoyub gözəl qola imza atdı. Hakimin əlavə etdiyi 3-cü dəqiqədə isə Qustavo Kolman bütün məsələlərə aydınlıq gətirdi. Trabzonspor 8-ci dəfə bu kuboku baş üzərinə qaldırdı. Fənər isə... Deyəsən, “sarı-lacivərdli” komanda daha heç vaxt bu titula sahib çıxa bilməyəcək.
