Big five, yaxud Azərbaycanda nəhəng klublar varmı?
XVIII Azərbaycan çempionatı bizi maraqlı tendensiya ilə üz-üzə qoydu: çempionatın başa çatmasına iki tur qalmış qızıl medalları qazanmağa nəzəri şansları qalan 4 komandanın hər biri heç olmasa bir dəfə Azərbaycan çempionu olub.
Daha doğrusu, XL, İnter və Qarabağ elə bir dəfə qızıl medalları boynuna asıb. Adıçəkilən “kvartet”də ən titullu kollektiv isə Bakıdır. Paytaxtlıların muzeyində iki dəst qızıl medal var. Ümumiyyətlə, ilk “altılıq”da mübarizə aparan kollektivlərin 5-i nəvaxtsa Azərbaycanın futbol Olimpinə yüksələ bilib. Bu “məclis”də yalnız Qəbələ qəfil gəlmiş qonaq təsiri bağışlayır. Onu da Turanla əvəz etsək... Azerisport.az düşünür: futbolumuzdakı son hadisələr Azərbaycanın öz “nəhəng” klublarının yaranmasına dəlalət edirmi?
Jurnalistlər milli çempionatı qruplara ayırmağı və klubların işıqlandırılmasını məhz belə qruplar çərçivəsindən aparmağı çox xoşlayır. Demək olar ki, dünyanın bütün ölkələrində komandalar “nəhəng”lərə və digərlərinə bölünür. Və yalnız Azərbaycan çempionatıdır ki, burada hələ Neftçidən başqa bir “nəhəng” gözə dəymir.
Ümumiyyətlə, nəhəng-klub nə deməkdir?
Həm maliyyə imkanları, həm titulları, həm nüfuzu, həm də azarkeş ordusuna görə “adi” kollektivlərdən seçilən klubları “nəhəng” adlandırırlar. Bizdə maliyyə və nüfuz baxımından Bakı və İnterdə hər şey qaydasında olsa da, spesifik coğrafi şərait, başqa sözlə, bu komandaların çoxmilyonlu və futbolla az maraqlanan paytaxtı təmsil etməsi “zolaqlılar”ın və “bankirlər”in ölkə çempionatının liderlərinə xas olmayacaq qədər az tamaşaçı kütləsininin olmasına gətirib çıxarır. İllərin adəti, milli mentalitet və ölkədə futbolun hələ istənilən səviyyədə olmaması azarkeş sayı baxımından Bakıda Neftçiyə bir rəqib olacaq kollektivin üzə çıxmasına mane olur. Əgər Bakı və ya İnter nə vaxtsa Avropada inanılmaz uğurlara imza atsa, bu, komandalara rəğbət bəsləyən insanlarının sayının çoxalmasına yola aça bilər. Əks halda, hər iki klubun rəhbərliyi hələ çox gözləməlidir.
Qarabağ və Xəzər Lənkəranın azarkeş baxımından problemi yoxdur. Çünki birincisi, hər iki kollektiv bölgələri təmsil edir, ikincisi, Qarabağ kifayət qədər köklü klubdur. 6 il futbol miqyasları ilə olduqca kiçik rəqəm sayılır, buna görə də XL-in bu qədər güclü dəstəyə malik olmasının birinci və ən böyük səbəbi məhz çılğın Lənkəran bölgəsini təmsil etməsidir. Yoxsa bir çempionluq və iki kubok hələ böyük azarkeş ordusu toplamağa kifayət etmir.
Bu mənada Qəbələ və Simurqun, o cümlədən Muğanın da yaxşı azarkeş toplamaq imkanı var. Amma bunun üçün nəticə də önəmlidir. 6,7 və ya 8-ci yeri tutan, ciddi uğur qazana bilməyən komandaların dəstəyə ümid etməsi yersizdir. Ötən il Simurqun bütün matçlarında anşlaq yaşanırdı. Bu il isə stadiona 150-200 adam gəlir. Fərq, necə deyərlər, göz önündədir...
Neftçi, Qarabağ, XL, Bakı, İnter... Bunları Azərbaycan futbolunun “nəhəng”ləri saymaq olarmı? Titul baxımından, şübhəsiz. Nə qədər ki, Gəncə təmsilçisi (Kəpəz və ya Gəncə, fərq etməz) elitaya dönməyib və əvvəlki şöhrətini qaytarmayıb, Bakı Neftçidən sonra yüksək liqada ən titullu Azərbaycan klubu olacaq. XL və ya İnter bu il çempion olsa, Bakıya çatmaq şansı əldə edəcəklər. Daha iki belə mövsüm Neftçinin ölkənin ən titullu klubu ünvanı ilə vidalaşmasına gətirib çıxara bilər. Amma bu hələ Azərbaycanda yeni “nəhəng”lərin peyda olması anlamına gəlməyəcək.
Beşiktaş, Fənərbaxça və Qalatasaray tutaq ki, 1915-ci ildə “nəhəng” sayılırdılarmı? Əlbəttə, yox. Sadəcə, qazanılan titullar, transfer edilən məşhur futbolçular, baş məşqçi postuna gətirilən tanınmış mütəxəssislər, maliyyə imkanlarının möhkəmlənməsi və ən əsası, azarkeş ordusunun bütün Türkiyə ərazisini əhatə etməsi “Qartal“, “Bülbül” və “Aslan”ı qardaş ölkənin superklublarına çevirdi. XL, İnter, Bakı... (Qəbələ, Simurq, Muğan, Turan və s.) da məqsədyönlü və pilləli siyasət aparsın, sistem qurmağa çalışsın. Sistem olacaqsa, nəticə də özünü gözlətməyəcək. Nəticə yeni maliyyə qaynaqları gətirəcək. Pul məşhur futbolçu və məşqçilərin transferini gerçəkləşdirəcək. Bu isə öz növbəsində daha böyük uğurların qazanılmasına şərait yaradacaq. Uğur isə azarkeşlərin sayını artıracaq. Bax, onda bu klublar əsl “nəhəng” olacaqlar.
Neftçi isə həmişə “nəhəng” olaraq, qalacaq. Nə uğur, nə də uğursuzluq bu klubu Azərbaycan azarkeşinin ürəyindən silə bilməz.
