Çelsidən "fantastic" çempionluq (FOTO, VİDEO)
Bu gün İngiltərə Premyer Liqasında da son akkordlar vuruldu. Azerisport.az xəbər verir ki, Çelsi ilə Mançester Yunaytedin gərgin mübarizəsindən londonlular qalib çıxdılar.
Özü də necə! Sonuncu turda Uiqana “Stemford Bric”də 8:0 (!) hesabı ilə qalib gələn “zadəganlar” MY-ni 1 xal qabaqlamaq, “mankunianlar”ın 3 illik hegemonluğuna son qoymaqla yanaşı, Premyer Liqada bu mövsüm vurduqları qolları sayını 103-ə çatdırdı və 47 ildən sonra bu göstəriciyiə nail olan ilk kollektivə çevrildi. Çelsi sonuncu dəfə 2005/06 mövsümündə, hələ Joze Mourinyonun dövründə PL-də qalib gəlmişdi.
Bundan əlavə, 8:0 hesabı Çelsinin tarixində ən böyükhesablı qələbədir. Sonuncu dəfə komanda 104 il əvvəl, 1906-cı ildə Qlossop klubunu 9:2 hesabı ilə məğlub etmişdi.
İngiltərə kubokunun da finalına çıxan London təmsilçisi orada Portsmuta qalib gəlməklə “qızıl dubl”a imza ata bilər. Bu hala isə İngiltərə futbolu tarixində cəmi 6 dəfə rast gəlinib.
Bu mövsüm ikinci olan MY və üçüncü olan Arsenal ÇL-in qrup mərhələsinə, 4-cü yeri tutan Tottenhem isə təsnifat mərhələsinə vəsiqə əldə etdi. Mançester Siti (5-ci pillə) Avropa Liqasında yerini təmin ediblər. Digər iki vəsiqənin sahibi Fulhemin Avropa Liqasının, Portsmutun isə İngiltərə Kubokunun finalına çıxması ilə əlaqədar, hələ məlum deyil. Adıçəkilənlərlə yanaşı, Avroliqaya Aston Villa və Liverpul da namizəddirlər
Hərçənd, Premyer Liqanı tərk edən “Pompi” müvafiq lisenziya ala bilmədiyi üçün qələbə halında belə avrokuboklara buraxılmaya bilər. Portsmutla yanaşı Hall Siti və Bernli də “Çempionşip”ə (I divizion) yollanırlar.
