Başınızı qatın: son turda çempionluğa 4 namizəd!
Qələbə günü “əsl” qələbə günü olmadı. Xəzər Lənkəran əla imkanı əldən buraxdı və çempionluğunu təxirə saldı. Amma, görünür, bir həftəlik.
Azerisport.az-ın bu qədər inamlı danışması yalnız və yalnız XL-in öz üçün sözün əsl mənasında qızıl oyunu evində keçirməsidir. Ağasəlim Mircavadovun komandasının taleyi yenə də öz əlindədir. Evdə Bakı üzərində qələbə XL-i ikinci dəfə Azərbaycan çempionu edəcək. Digər nəticə isə...
Gəlin, sayaq: 1. Qarabağı; 2. İnteri; 3. Bakını! Nəvaxtsa Azərbaycanda son tur ərəfəsində birdən-birə 4 komandanın çempionluq şanslarını saxladığını görmüsünüzmü? Ən yaxşı halda, onların sayı 3-ü olub. Bunun da sonuncu dəfə nə zaman baş verdiyini beyin kvadratlarını gücə salmadan xatırlamaq mümkün deyil. Bu gün isə biz faktla üz-üzəyik. Son turun 3 oyununun nəticəsindən asılı olaraq, XL, Qarabağ, İnter və Bakı kuboku başı üzərinə qaldıra və oradan şampan şərabı içə bilər. Buna kimin uzaq, kimin yaxın görünməsi isə artıq ikinci məsələdir.
Mayın 9-da Lənkəran klubunun, sadəcə, bəxti gətirdi. İnterin səfərdə Bakını məğlub etməsi kifayət idi ki, XL-in son turda taleyi öz əlində olmasın. Tərslikdən, ya düzlükdən paytaxt derbisində qolsuz bərabərlik qeydə alındı. Nəticədə iki tur əvvəl hər birimizin hesabdan sildiyimiz Qarabağ yenidən çempionluq iddialarını ortaya qoydu. İndi bu komandanın vəziyyəti bir qədər üstün görünür. 32-ci turda XL Bakı ilə, İnter Qəbələ, Qarabağ isə Neftçi ilə qarşılaşır. Ağdamlılar səfərdə oynayırlar və bu müəyyən qədər komandanın əleyhinə işləsə də, Qarabağın bir tur əvvəl səfərdə İnteri yendiyini də unutmayaq. Lənkəranda heç-heçənin qeydə alınması ehtimalı olduqca yüksəkdir. Və Qarabağa Neftçi üzərində qələbə kifayətdir ki, “qızıl”ın taleyini ən pis halda “qızıl oyun”da həll etsin.
Yeri gəlmişkən, sonuncu tur ərəfəsində məlum oldu ki, “qızıl oyun” yalnız və yalnız Qarabağla İnter arasında baş tuta bilər. Niyə? Düzü, bütün məqamları incələmək üçün xeyli vaxta və sözə ehtiyac var. Bir baxışla isə hər şey sizə aydın olacaq. Özünüz diqqət yetirin.
Turun oyunları barədə geniş danışmağa ehtiyac varmı? Nə baş verdi turda? 3 qolsuz bərabərlik, Muğanın Simurqu məğlub edərək, Standardı I diviziona göndərməsi. Vəssəlam. Bir də ki, çempionluğa birdən-birə 4 namizədin qalması (ya peyda olması).
Standard – Karvan görüşündə yaşananlara gəlincə... Bu barədə ayrıca xəbərdə oxuya bilərsiniz. Bircə onu qeyd edək ki, PFL işə qarışmasa, bu iki komandanı azı 1 illik nəzər nöqtəsindən itirəcəyik. Bu, bir tərəfdən xeyirli də ola bilər. O mənada ki, növbəti mövsüm I divizionda maraqlı adlar olacaq: MKT-Araz, Karvan, Standard...
Həzz alın, cənablar! Oyunların keyfiyyəti bir çox standartlardan aşağı olsa da, hadisələrin ağılasığmaz ssenarisindən həzz alın. Başınızı heç olmasa, bununla qatın.
“Unibank” Premyer Liqası, 31-ci tur
Turnir vəziyyəti
İlk “altılıq”:XL – 27 xal, İnter, Qarabağ – 26, Bakı – 25, Neftçi – 22, Qəbələ - 20.
İkinci “altılıq”: OŞ – 33, Simurq – 31, Muğan – 27, Turan - 26, Standard – 22, Karvan – 13.
