Adamsın ilk töhfəsi, yaxud Qəbələnin qlobal planları
Artıq İngiltərə mətbuatı “Azərbaycan” adını daha tez-tez çəkməli olacaq. İndi onlar üçün Avropanın ən ucqar nöqtələrindən birində adını İngiltərə futbolunun tarixinə yazdırmış çoxsaylı insanlardan biri çalışacaq.
Bu gün Toni Adams Qəbələnin baş məşqçisi, onun həmyerlisi Alister Saverimutto isə icraçı direktor kimi ictimaiyyətə və mətbuata təqdim olunacaq. Azerisport.az hadisələri bir qədər qabaqlamağa və bugünkü tədbirdə səslənəcək bəyanatları təxmin etməyə çalışır.
Başlayaq məhz Saverimuttodan. Çünki Toni Adams Azərbaycan azarkeşi üçün nə qədər tanış simadırsa, əslən Şri-Lankadan olan funksioner bir o qədər naməlumdur. Əslində, Saverimutto Qəbələ Futbol Klubunda bir neçə aydır fəaliyyət göstərir. Amma buna qədər onun varlığı barədə heç kəs xəbər tutmamışdı. Məqsəd ingilis funksionerin mümkün qədər sakit ab-havada çalışmasını və bugünkü Qəbələnin konturlarını rahatca cızmasını təmin etmək idi. Savermutto buna qədər Port Veyl və Bernemut kimi kiçik və Everton kimi nəhəng klubda işləyib. Bir müddət könlünü reqbiyə salıb. İngiltərədə Piter Kenyon miqyasında olmasa da, kifayət qədər istedadlı və geniş çaplı mütəxəssis sayılır. O, bugünkü və sabahkı Qəbələnin əsas müəllifi olacaq. İşlər qaydasında getsə...
Bəs “bugünkü və sabahkı Qəbələ” məfhumunun altında nə gizlənir? Aydındır ki, heç də az maaşa çalışmayacaq iki ingilisin Azərbaycana gətirilməsinin arxasında böyük məqsədlər durur. Klub rəhbərliyi Qəbələdə inşa edilməkdə olan supermüasir stadionun, qurulmaqda olan yüksək infrastrukturun və İngiltərə təcrübəsinin köməyi ilə ölkəmizdə futbolu yeni səviyyəyə qaldırmağa çalışır. Əlbəttə, klub Azərbaycan futbolunun inkişafını düşünməyə məcbur deyil. Amma etiraf edək ki, bu cür addımlar dövlətin ən yüksək dairələrində dəstəklənir və yüksək qiymətləndirilir. Deməli, istənilən halda, bütün yollar Azərbaycanda futbolun bir idman və biznes növü kimi yeni müstəviyə qaldırılmasına aparır.
Bu sətirlərin müəllifi hələ ki, Qəbələnin konkret fəaliyyəti barədə geniş informasiyaya malik deyil. Lakin Toni Adamsın baş məşqçi postuna gətirilməsi və ona (İngiltərə mətbuatının yazdığına görə) ildə 1 milyon funtun ödənilməsi havayıdan ola bilməz. Məqsədlər böyükdür və burada lokal olduğu kimi, qlobal planlar da var.
O ayrı məsələ ki, Adams həmin milyonlara dəyir, ya dəymir. Arsenalın və İngiltərə yığmasının kapitanı, məsələn, 2003-cü ildə, futbolçu karyerasını bitirdikən bir neçə ay sonra bura futbolçu kimi gəlsəydi, istənilən halda, həmkarları arasında səviyyəsi ilə aşkar seçilərdi. Məşqçilik isə tamamilə ayrı sənətdir. Və həqiqətən əfsanəvi futbolçu olan Adams bu mövsüm Portsmutdakı 4 aylıq, 6 il əvvəl isə Uikomdakı 1 illik bərbad fəaliyyəti ilə bunu sübuta yetirib. Adamsın futbol bilgisinə heç bir şübhə yoxdur. Amma nəticə vermək üçün bir çox məqamlar üst-üstə düşməlidir. Düşəcəkmi?
Bu yerdə yazının əvvəlinə dönmək istərdik. Artıq İngiltərədə Azərbaycanı daha yaxından təkib edəcəklər. Yəqin ki, Adamsın bizim futbolumuza verəcəyi ilk töhfə məhz bu olacaq. Nə deyirik, təki sonuncu olmasın.
