12 may 2010 00:54
"İstərdim ki, Qəbələni Toni Adamsın klubu kimi tanısınlar"
Qəbələnin yeni baş məşqçisi Toni Adams “BBC” televiziyasına müsahibə verib. Azerisport.az xəbər verir ki, müsahibəsində ingilis mütəxəssis Azərbaycana gəlişi və buradakı perspektivləri barədə danışıb.
“Məşqçi karyeramı bitirmək mənim üçün çox tezdir. Variantlar axtarırdım. Qəbələnin təklifi möhtəşəm oldu. Başa düşdüm ki, burda nəyəsə nail ola bilərəm. Mənə kart-blanş veriblər. Klub qurmaq üçün hər cür şərait yaradıblar. Böyük Britaniyada heç kim belə şans vermir”.
“3 il sonra Azərbaycan çempionu adını qazanmaq bizim üçün uğur olardı. Biz inqilab etmirik, inkişafa çalışırıq. Birinci gündən qələbələrə çalışmayacağam, çünki gələcəyin komandasını yaradıram”.
“İstəyirəm ki, bu klubu “Toni Adamsın klubu” kimi tanısınlar. Buna qədər Avropada olmuşam, Hollandiyada işləmişəm. Amma deyə bilərəm ki, burada biz tarix yazmağa başlayırıq”.
“10-15 illik müddətə buradayam. İşə hələ başlamamışam. Milad bayramı ərəfəsində Milanda Joze Mourinyo ilə görüşüm olmuşdu. O mənə dedi ki, məşqçi olmaq üçün futbolçu olduğumu unutmalıyam. Bu, tamamilə fərqli sənətdir”.
