İnsan faktoru, yaxud Bunu nə vaxtsa, hardasa görmüşük
İki gündür bütün Azərbaycan Qəbələdən danışır. Etiraf edək ki, bunun üçün böyük əsas var: klubun fəaliyyəti tək Toni Adamsın baş məşqçi postuna gətirilməsi ilə məhdudlaşmır. Əslində, Adamsın “transferi” böyük planların tərkib hissəsidir, əksinə yox.
Azerisport.az xəbər verir ki, Qəbələ Avropa səviyyəli peşəkar futbol klubu formalaşdırmaq üçün real addımlar atır. Bu gün bu klubun perspektivləri olduqca yüksək qiymətləndirilir. Hər halda, izlədiyimiz videogörüntülər elə-belədən deyil. Üstəlik, klub rəhbərliyinin indiyədək gördüyü işlərin miqyasına diqqət yetirdikdə insanların ciddi işə girişdiyi aydın görünür. Amma Qəbələ Azərbaycanın ilk müəllif layihəsi deyil.
Yaxın keçmişə dönək. 2004-cü ildə Azərbaycanda bir futbol “bum”u yaşandı. Cəmi bir neçə ayın içində Yevlaxda, İmişlidə, Lənkəranda və Bakıda iddialı və imkanlı futbol klubları yaradıldı. Bu, yağışdan sonra gedən proseslərə və meşənin hər yerindən çıxan saysız-hesabsız göbələklərə bənzəyirdi. İndiki halda, yeni AFFA rəhbərliyinin təyin olunmasını (rəsmən: seçilməsini) yağışa, Karvan, MKT-Araz, XL, İnter və Bakını isə göbələyə bənzətmək olar. Heç kəs bizdən inciməsin, bu sözü məcazi mənada işlətdik. O başqa məsələ ki, zaman keçdikcə məcazi məna həqiqi mənaya çevrildi.
XL, İnter və Bakı indi də nisbətən uğurla fəaliyyət göstərsə də, Karvanla MKT-Araz hardadır? Biri I divizionda, biri də o yolda. Elə uğurlu hesab etdiyimiz klubların müvəfəqiyyətləri də nisbidir. Fakt odur ki, nə XL, nə Bakı, nə də İnter xərclənən şübhəsiz böyük pullara ekvivalent olan nəticələr göstərə bilmirlər. Azərbaycan çempionu olub Azərbaycan kubokunu qazanmaq üçün 8-10 milyon dollar xərcləmək məcburi deyil.
Bu rəqəmləri göydən götürmədik. Azərbaycan futbolunda şəffaflıqdan əsər-əlamət olmasa da, klubların təxminən bu civarda (bəlkə də bir qədər çox) büdcəyə malik olduğunu futbol ictimaiyyəti yaxşı bilir. Jurnalistlər də bu ictimaiyyətin tərkib hissəsidir, bu sətirlərin müəllifi isə jurnalistdir.
Qəbələnin layihələri möhtəşəmdir. Amma “Youtube” videoportalındakı görüntüləri izlədikcə insanı bir hiss heç tərk etmək istəmir: bunu nə vaxtsa, hardasa görmüşəm. Bəs harda?
Bir daha Yevlaxa və İmişliyə dönək. Əlbəttə, Qəbələdə tikilməkdə olan, yaxud tikiləcək superkompleksin Azərbaycanda analoqu olmayacaq. Bununla belə, Yevlaxda və İmişlədəki futbol-idman kompleksləri də bizim ölkəmiz üçün kifayət qədər səviyyəlidir. Amma bu 5 ildə Yevlaxda yetişən və heç olmasa, U-17 yığmasının heyətinə cəlb edilən gəncin adını çəkə bilərsinizmi?
İmişliyə qəsdən toxunmadıq, çünki MKT-Araz rəhbərliyi vaxtında haqq yoluna dönüb pul yemək mənbəyi olan komandanı yenidən qurdu və məqsəd kimi uşaq futbolunu inkişaf etdirməyi qoydu. İndi “pambıqçılar”ın şərəfini yalnız yerli futbol məktəbinin yetirmələri qoruyur, MKT-Araz müxtəlif yaş qrupları üzrə komandaları öz çempionatlarında liderlər sırasında qərarlaşıb. Görənlər deyir ki, bu komandanın parlaq gələcəyi var.
Əvəzində stadionu hazırda Azərbaycanda bir nömrə olan və nə şəraiti, nə də maliyyə imkanlarına görə heç kimdən geri qalmayan, bəlkə də hamını qabaqlayan XL-in uşaq komandaları bu cür uğurlara həsrətdir.
Deməli, hər şeyin kökündə insan faktoru durur. İnsan qaya parçasından incilər yaratmağa qadirdir. Bu cür insan olmayan yerdə isə nə stadion, nə baza, nə də muzey tikməyin heç bir əhəmiyyəti yoxdur.
Qəbələdə, görünür, insan amilinə ciddi diqqət yetirirlər. Bunun nə vaxta qədər davam edəcəyini isə zaman göstərəcək.
