Mübariz Mənsimov: Azarkeşlərə rəhbərlik imkanı verməyə hazıram
Xəzər Lənkəranın fəxri prezidenti, klubun sahibi Mübariz Mənsimov azerisport.az-a müsahibəsində komandanın son uğursuzluğundan, baş məşqçi Ağasəlim Mircavadovun gələcəyindən, azarkeşlərdən və transferlərdən danışıb.
ÇEMPİONLUQ
“Əlbəttə, təəssüflənirəm, amma ədalətli danışmaq lazımdır. Bakı çox gözəl oynadı və qələbəyə layiq idi. XL isə mövsümdə ən zəif oyununu göstərdi. Bu cür oyunla qələbə qazanmaq mümkün deyil. Hadisələrin belə cərəyan edəcəyini gözləmirdim”.
İSTEFA VƏ AZARKEŞLƏR
“Ağasəlim Mircavadov heç yerə getmir. Onunla əməkdaşlığımızı davam etdiririk. O ki qaldı azarkeşlərin istefa tələbələrinə... Hərənin öz işi var: azarkeşlər komandanı dəstəkləməli, rəhbərlik klubu idarə etməlidir. Bu cür qərarları yalnız bir verə bilərik. Əgər azarkeşlər komandanı idarə etmək istəyirsə, müraciət etsinlər, onlara belə imkan yaradaram”.
MÜKAFAT
“Mən ikiqat mükafat söz verməmişəm. Bəlkə rəhbərlik söz verib... Həm də aydındır ki, daxili yarışların hər ikisində qalib gəlsəydik, komanda ikiqat mükafat alardı”.
TRANSFER
“Siz dediyiniz mənada “ulduz” futbolçuların XL-ə transferi nəzərdə tutulmayıb. Heyətin gücləndirilməsi ilə bağlı suallarınızı transferlə məşğul olan məşqçi heyətinə ünvanlaya bilərsiniz. Rəhbərlik problem yaratmayacaq. Lazım olan oyunçunu almağa hazırıq”.
KUBOK
“Hər şeyə rəğmən, Kubokun final oyununda da komandanın yanında olmağa çalışacağam. Stadiondan XL-i dəstəkləyəcəyəm. Çempionluq əldən getdi, amma Kuboku qazanmaq lazımdır”.
