16 may 2010 16:00
Azərbaycan üçün ÇL: rəqiblər, şanslar, qaydalar
“Unibank” Premyer Liqası başa çatdı və Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edəcək komandaların adlarına aydınlıq gəldi. Azerisport.az xəbər verir ki, ölkə çempionu İnterin Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən, bürünc medalçı Qarabağın isə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı dəqiqləşib. Avroliqada Azərbaycanın digər təmsilçiləri Bakı və XL olacaq, amma onların hansının birinci, hansının ikinci mərhələdən mübarizəyə qoşulacağına Azərbaycan kubokunun finalı aydınlıq gətirəcək. Bu gün üçün İnterin ÇL-də mübarizə aparacağı dəqiqləşdiyindən, əvvəlcə məhz “bankirlər” barədə danışaq.
Bu mövsüm ÇL-də 78 klub mübarizə aparacaq. Bunlardan yalnız 22-si ölkəsinin reytinqinə görə qrup mərhələsində birbaşa oynamaq hüququ qazanıb. Digər 10 vəsiqə uğrunda 56 kollektiv vuruşacaq. Mübarizə bir qədər qəliz sistemlə 4 təsnifat mərhələsi və iki istiqamətdə aparılacaq. Bütün təsnifat və pley-off matçlarında qalib evdə və səfərdə olmaqla iki oyunun nəticəsinə görə müəyyənləşəcək.
Birinci təsnifat mərhələsi
Reytinqi ən aşağı olan Andorra (Santa-Koloma), Malta (Birkirkara), Çernoqoriya (Rudar) və San-Marino (çempion hələ bəll deyil) çempionları arasında keçirilir. İki ən güclü komanda mərhələ adlayır.
İkinci təsnifat mərhələsi
UEFA klub reytinqində 17-49-cu yerləri tutan ölkələrin çempionları mübarizəyə start verir. Bunların arasında Azərbaycan çempionu İnter də var. Bu 32 komandaya birinci təsnifat mərhələsindən gələn daha iki kollektiv qoşulur. 17 cütdə mərhələ adlayan komandalar müəyyənləşir.
Bu mərhələdə klublar şəxsi əmsallarına görə şərti olaraq, “səpələnmişlər” və “səpələnməmişlər” adlanan iki qrupa bölünür. Təəssüf ki, İnterin əmsalı aşağı olduğundan komandala “səpələnməmiş”dir və daha güclü rəqiblərlə görüşəcək. 17 potensial rəqibdən 16-sı bəllidir: Hapoel Tel-Əviv (İsrail), Sparta Praqa (Çexiya), Rusenborq (Norveç), Zaltsburq (Avstriya), Liteks (Bolqarıstan), Dinamo Zaqreb (Xorvatiya), Partizan (Serbiya), BATE (Belarus), Lex (Polşa), Jilina (Slovakiya), Şerif (Moldova), Omoniya (Kipr), AİK (İsveç), Bohemians (İrlandiya), Ekranas (Litva) və Aktobe (Qazaxıstan). Yalnız Macarıstan çempionunun adı bəlli deyil. Amma böyük ehtimalla, bu, Debretsen olacaq. Müqayisə üçün “səpələnməmişlər”də olan komandaların da siyahısını verək: HİK (Finlandiya), Levadiya (Estoniya), Metallurq Liepaya (Latviya), Hafnarfyordur (İslandiya), Olimpi (Gürcüstan), Pünik (Ermənistan), Koper (Sloveniya), İnter (Azərbaycan), Renova (Makedoniya), Dinamo Tirana (Albaniya), HB Torshavn (Farer adaları), Nyu Seynts (Uels), Linfild (Şimali İrlandiya), o cümlədən, kimliyi hələ müəyyənləşməyən Bosniya və Lüksemburq çempionları.
Beləliklə, ilyarım əvvəl “Birlik kuboku”nda yarımfinalda məhz Aktobeyə yenilən İnter revanş üçün gözəl şans əldə edə bilər. Ümumiyyətlə, maraqlıdır ki, bu 17 potensial rəqibdən 6-sı avrokuboklarda, 3-ü isə “Birlik kuboku”nda klublarımıza rəqib olub. Məğlub etdiklərimiz də var, yenildiklərimiz də.
Üçüncü təsnifat mərhələsi
Burada artıq sistem bir az qəlizləşir. UEFA daha zəif ölkələrin komandalarının qrup mərhələsinə düşmək şanslarını yüksəltmək üçün onları güclü ölkələrdən ayırıb. Beləcə “çempionlar yolu” və “çempion olmayanların yolu” şərti adlı iki müstəqil, paralel qrup formalaşır.
Çempionlar yolu
Burada ikinci təsnifat mərhələsindən qalib çıxmış 17 komandaya UEFA əmsallar reytinqində 14-16-cı yerləri tutan ölkələrin, indiki halda Belçika , İsveçrə və Danimarkanın çempionları, müvafiq olaraq, Anderlext, Bazel və Kopenhagen qoşulur.
Çempion olmayanların yolu
Burada Rusiya 3-cü (indi halda, Zenit) və əmsallar cədvəlində 7-15-ci pillələrdə qərarlaşmış ölkələrin – Ukrayna (Dinamo Kiyev), Hollandiya (Ayaks), Portuqaliya (Braqa), Yunanıstan (PAOK), Şotlandiya (Seltik), Belçika (Gent), İsveçrə (Yanq Boyz), Rumıniya və Türkiyənin (hər iki ölkədə hələ məlum deyil) 2-ci komandaları mübarizəyə başlayır. 10 kollektiv, 5 cüt.
Pley-off mərhələsi
Çempionlar yolu
Üçüncü təsnifat mərhələsindən qalib çıxmış 10 komanda ÇL-in qrup mərhələsinə 5 yer uğrunda mübarizə aparırlar.
Çempion olmayanların yolu
Burada üçüncü təsnifat mərhələsindən qalib çıxmış 5 komandaya daha 5 kollektiv – İngiltərə (Tottenhem), İspaniya (Sevilya) və İtaliyanın (məlum deyil) 4-cü komandaları, Almaniya (Verder) və Fransanın (Oser) isə 3-cü komandaları qoşulur. 5 cütdə ÇL-in qrup mərhələsinə 5 vəsiqə müəyyənləşir.
Qrup mərhələsi
Buraya 22 komanda birbaşa vəsiqə qazanır. Komandalar şəxsi reytinqlərinə görə hərəsində 8 kollektiv olmaqla 4 səbətə bölünürlər. Bu gün üçün səbətlər aşağıdakı kimidir.
Birinci səbət: Barselona (İspaniya), Mançester, Çelsi, Arsenal (hamısı İngiltərə), Milan, İnter (hər ikisi İtaliya), Bavariya (Almaniya) + daha bir klub;
İkinci səbət: Lion, Marsel (hər ikisi Fransa), Real, Valensiya (hər ikisi İspaniya), Roma (İtaliya), Şaxtyor (Ukrayna), Benfika (Portuqaliya) + daha bir klub;
Üçüncü səbət: Panatinaikos (Yunanıstan), Reyncers (Şotlandiya), Şalke (Almaniya) + daha beş klub;
Dördüncü səbət: Spartak, Rubin (Rusiya), Tvente (Hollandiya), ÇFR Kluj (Rumıniya) + daha 4 klub.
Qrup mərhələsinə birbaşa vəsiqə qazananlardan yalnız Türkiyə çempionunun adı məlum deyil.
Çempionlar Liqasında mübarizəyə iyunun sonunda start veriləcək. İnter isə iyulun 13/14-də ilk oyununu keçirəcək. Cavab qarşılaşmaları – 20-21 iyulda.
