16 may 2010 12:33
18-ci çempionatda 17-ci çempion, yaxud Ümid verən ssenari
“Unibank” Premyer Liqasında mübarizə başa çatdı və Azərbaycan 17-ci çempionunun adını öyrəndi. Azerisport.az xəbər verir ki, nə qədər qəribə səslənsə də, Azərbaycanda çempionatların sayı 18, çempionların sayı isə 17-dir.
Hər şeyi 2001/02 mövsümünün nəticələrinin ləğv edilməsi korlayır. Yoxsa bizdə də çempionatla çempionların sayı ekvivalent olardı. Axı bu normal haldır!.. Amma dünənki ssenariyə baxanda bizdə bir qədər, kobud dillə desək, anormal və ya paranormal hadisələrə maraq daha yüksəkdir. Zaman da göstərir ki, anormal normaldan daha yaxşı, faydalı və ədalətlidir.
Nə qədər “fair play”, “ədalətli oyun” desək də, Bakının Lənkəranda məğlub olmayacağına inanırdınızmı? Bu sətirlərin müəllifini bəlkə də qınayacaqsınız, amma o inanmırdı. O düşünmürdü ki, Bakı və XL ədalətli oyunu hər şeydən üstün tutacaq və çoxlarının gözü götürmədiyi İnterin çempion olmasına gətirib çıxarsa belə, nəticənin meydançadan kənarda həll edilməsinə getməyəcək. Mən yanılıram və bəlkə də ömrümdə birinci dəfə səhv etdiyimə sevinirəm. Nəinki mən, hamımız!
Eyni sözləri Neftçi – Qarabağ matçı barədə də deyə bilərik və bu qədər emosional olmağımızın səbəbi İnterin çempion olması deyil, onun məhz bu cür, inanılmaz ssenari, nəfəskəsən mübarizənin yekununda çempion olmasıdır. Şərti desək, həmin anlarda Azərbaycan azarkeşi üçün Turan, yaxud Muğanın çempion olması da xoşdur. Axı hər şey ədalətli oldu və bəlkə də ən layiq olan qazanmasa da, kuboku idman prinsiplərinin diqtə etdiyi komanda qazandı. Əlbəttə, XL, yaxud Qarabağ azarkeşlərinin könlünü bununla almaq çox çətindir, amma yenə də...
Biz öz futbolumuza inamı çoxdan itirmişik. Onun dünəninə də, bu gününə də, sabahına da. Amma gəlin, inanaq və mayın 15-də yaşanan hadisələr sabaha bir örnək olsun. Bir örnək olsun ki, bir də heç vaxt, heç bir klub rəhbəri, heç bir məşqçi və futbolçu çirkin oyuna getmədən güclü və ya zəifliyini meydanda göstərmək üçün alışıb-yansın. Və bizim inamımız bizə qayıtsın. Çünki inamsız nə futbol inkişaf edər, nə də həyat qurular...
“Unibank” Premyer Liqası, 32-ci tur
XL – BAKI 0:1
NEFTÇİ – QARABAĞ 0:0
İNTER – QƏBƏLƏ 4:1
Turnir vəziyyəti
İlk “altılıq”: İnter - 29, Bakı 28, XL, Qarabağ – 27, Neftçi – 23, Qəbələ - 20.
İkinci “altılıq”: OŞ – 33, Simurq – 31, Muğan – 27, Turan – 26, Standard – 22, Karvan – 13.
