18 may 2010 00:10
2009/10 mövsümünün hit-paradı
Azerisport.az öz versiyasına görə, mövsümün “ən yaxşı”larının və “ən uğursuz”larının hit-paradını təqdim edir.
Mövsümün komandası: Qarabağ
Bəlkə də bizim bu seçimimizə təəccüblənəcəksiniz. Axı çempion Qarabağ yox, İnter olub. Amma seçimdə əsas rolu nəticə oynamadı. Daha doğrusu, həlledici faktor kimi nəticəni götürmədik. Premyer Liqada medal qazanmağa qadir ola biləcək 16-17 futbolçusu olan Qarabağ bu nominasiyaya daha yaxın namizəd kimi görünür. Hər halda, İnterin ehtiyat oyunçular skamyası da geniş idi, Qarabağ isə dünən heç kimə lazım olmayan, bu gün çoxlarının yaxşı tanımadığı, sabah isə çətin ki, kiminsə yadına düşəcəyi oyunçulardan qurulmuşdu. Özü də ən vacibi komandanın başdan-başa yerlilərdən ibarət olmasıdır. Buna görə də, fikrimizcə, bürünc medalçı Qarabağ həqiqətən də mövsümün ən yaxşı komandasıdır. Sözün əsl mənasında, Komanda.
Digər namizədlər: İnter və Qəbələ
Mövsümün futbolçusu: Admir Teli (Qarabağ)
Onu adətən qalib komandanın heyətindən seçirlər. Biz də qarşımıza belə məqsəd qoyub axtarışlara başladıq. Kim? Petar Zlatinov? Olduqca qeyri-sabit təsir bağışladı. Kapitan Samir Abasov? Mövsümün sonunda əsas heyətdə yerini itirdi. Leonardo Roşa? Yalnız Təsnifat mərhələsində ustalığını göstərdi, sonra isə “buxarlandı”. Goergi Lomaya? Digər qolkiperlərdən heç nə ilə seçilmədi. Robertas Poşkus? Bir qədər həqiqətə o, – 12 qolla komandanın ən yaxşı bombardiri – yaxın olsa da, Girts Karlsonsun ondan iki dəfə az meydançaya çıxdığını və 8 dəfə fərqləndiyini nəzərə alıb, bu fikirdən daşındıq.
Albaniyalı Admir Teli isə komandasının aparıcı qüvvəsi idi. Bütün mövsümboyu eyni səviyyədə, sabit futbol göstərən mərkəz müdafiəçisi ampluasının spesifikiliyinə rəğmən bir neçə vacib qolla və ən əsası güclü arxa xətt oyunçusuna xas etibarlı çıxışla ağdamlıların bürünc medal qazanmasında danılmaz xidmətlərə malik oldu.
Digər namizədlər: Robertas Poşkus (İnter) və Aleksandr Şoliç (Bakı)
Mövsümün məşqçisi: Kaxaber Çxadadze (İnter)
Gürcüstanlı mütəxəssisin yalnız bir rəqibi ola bilərdi. O da mövsümün komandasının memarı – Qurban Qurbanov. Amma Çxadadzeni Qurbanovdan fərqləndirən başlıca cəhət onun ilk cəhddəcə çempion olmasıdır. Buna qədər bir müddət çalışdığı Standardı nəzərə almırıq: Kaxa onda Azərbaycana yenicə öyrəşirdi. Üstəlik, Standardla İnter qarşı-qarşıya qoyula bilməyəcək dərəcədə fərqli miqyaslı kollektivlərdir. Premyer Liqanın cari nəticələri də bunu göstərdi. Sumqayıt klubu I diviziona yuvarlandı, İnter isə tarixində ikinci çempionluğunu bayram etdi. Bundan onun enerjili və hər dəfə öz üzərində çalışdığı aşkarca görünən gənc baş məşqçisinin də əvəzsiz rolu var idi.
Digər namizədlər: Qurban Qurbanov (Qarabağ) və Ramiz Məmmədov (Qəbələ)
Mövsümün transferi: Jaba (Bakı)
Səviyyəcə “Unibank” Premyer Liqasını qat-qat üstələyən Türkiyə Superliqasında oynayıb qol vurduğunu və yaxşı iz qoyduğunu nəzərə alanlar, Joao Silvinyo de Karvalyodan daha çox şey gözləyirdilər. Əvəzində Jaba mövsümün birinci yarısını böyük ölçüdə boşa verdi, amma məhz onun “qızışması” və öz səviyyəsini göstərməsi ilə Bakı da uğurları sıralamağa başladı. 10 qol əla nəticə deyil, amma Jaba kimi bir çox tanınmış futbolçunun ehtiyatda gün keçirib vətəninə qayıtmasını nəzərə alsaq, o qədər də qorxulu görünmür. Jaba ən əsası Türkiyə mətbuatının diqqətini Azərbaycana yönəltməsinə səbəb oldu ki, bu da vurulan qolların sayından az önəmli deyil.
Digər namizədlər: Denis Kalinkov (XL) və Robertas Poşkus (İnter)
Mövsümün ən uğursuz komandası: Simurq
Nəzərə alsaq ki, Premyer Liqanı Karvan və Standard tərk edib, Simurqun bu xoşagəlməz nominasiyada qalib gəlməsi bir qədər heyrətlə qarşılana bilər. Amma təəccüblənməli bir şey yoxdur. Ötənilin sürprizi, oyunu və nəticəsi ilə hər kəsi rəğbətini qazanan “sarı-qaralar” bu dəfə, xüsusilə də, 2009-cu ilin oktyabrından başlayaraq, acınacaqlı duruma düşdülər. Bunda kimin günahkar olması barədə bir qədər sonra. Hələliksə, 2008/09 mövsümünün bürünc mükafatçısının bir il ərzində 5 pillə geriləməsini və Standard kimi “boz” komandaya fəhthedilməz hesab olunan Zaqatala stadionunda 0:4 hesabı ilə məğlub olmasını xatırlayaq.
Digər namizədlər: Karvan və Standard
Mövsümün ən uğursuz futbolçusu: Valter Quqlemon (Neftçi)
Bir qədər mübahisə doğuran nominasiyadır. Bununla belə...
Təcrübəli uruqvaylı futbolçu 2009-cu ilin yayında Neftçiyə keçəndə “ağ-qaralar”ın fantastik transfer siyasətinin bir parçası hesab olunurdu. Zarafat deyil, ölkənin ən titullu klubu çempionatın ən yaxşı bombardirini əsas rəqiblərindən birinin – İnterin əlindən almışdı. O başqa məsələ ki, bu gün “bankirlər” Quqlemondan canını qurtardığı üçün Tanrıya şükürlər edir. Amma axı Valterin bu qədər zəif futbol göstərəcəyini və mövsümü cəmi 2 qolla bitirəcəyini onlar belə proqnozlaşdıra bilməzdilər.
Digər namizədlər: Əhmət Dursun (XL) və Feliks Felipe Almeyda (Bakı)
Mövsümün ən uğursuz məşqçisi: Roman Pokora (Simurq)
İndi iki bənd yuxarı qalxıb mövsümün ən uğursuz komandasının adına bir daha nəzər salın. Roman Pokora Simurqun bürünc medal qazanmasında nə qədər çox zəhmət çəkmişdisə (hərçənd, bu, bir qədər şübhəli görünür), onun “zirzəmi”yə yollanmasında bir o qədər “önəmli” pay sahibi oldu. Əvvəlcə heyəti ikinci növ legionerlərlə doldurub daha layiqlilərini yola saldı. Sonra komandanın liderlərini, bürünc medal qazanmaqda əvəzsiz xidmətləri olanları az qala oyun satmaqda günahlandırıb, buna görə üzr istədi. Sonda isə qarşıya qoyulan məqsədə çatmamasına rəğmən, istefa vermədi. Üstəlik, hələ yayda Bney Yehudaya UEFA Avropa Liqasında məğlubiyyət göstərmişdi ki, ukraynalı mütəxəssisin potensialı bitib. 2009/10-cu illər Azərbaycan çempionatı da bunu aşkar şəkildə sübuta yetirdi.
Digər namizədlər: Yunis Hüseynov (Karvan) və Əsgər Abdullayev (OŞ)
Mövsümün sürprizi: Fərid Quliyev (Standard)
Dünənə kimi heç kimin ciddiyə almadığı 24 yaşlı futbolçu bir mövsümə digərlərinin bir neçə ilə keçdiyi yolu qət etdi. Əvvəlcə autsayder komandanın liderinə çevrildi, sonra milliyə çağırıldı, sonda isə çempionatın bombardiri oldu. Fərid Quliyev Azərbaycanın müstəqil futbol tarixində yüksək liqanı tərk edən komandanın heyətində çempionatın bombardiri adını qazanan ilk oyunçudur. Elə bu fakt ona “sürpriz” deməyə kifayət edir. Gələn mövsüm isə Fərid artıq səviyyəsini sübut etməlidir. Yoxsa elə 2009/10 mövsümünün sürprizi olaraq, qalacaq.
Digər namizədlər: Əfran İsmayılov (Qarabağ) və Bəxtiyar Soltanov (Bakı)
Mövsümün oyunu: XL – Bakı 0:1
Azərbaycan çempionatının səviyyəsi biz istədiyimiz qədər yüksək olmasa da, bu mövsüm bir neçə maraqlı, sürətli və ən əsası, azarkeşlərə zövq verən qarşılaşmanın şahidi olduq. Amma XL – Bakı bunların arasında xüsusi yeri tutur. Hər şeydən əvvəl prinsipiallığı və ədalətliliyi ilə. Hər kəsin bu iki klubun məlum səbəblərdən danışığa gedəcəyini gözlədiyini bir vaxtda çempion gəldi və Lənkəranda Xəzəri məğlub etməklə öz “taxt-tac”ını İnterə bağışladı. Məhz belə matçlardan sonra deyirlər: futbol qələbə qazandı!
Mövsümün qolu: Georgi Adamiya, İnter – Qarabağ 0:1
Gözəl qolların sayı da az deyildi. Açın, PFL-in rəsmi saytında bu mövsüm vurulan qolları izləyin. Amma vaxtının keçdiyi söylənilən Georgi Adamiyanın İnterin qapısından keçirdiyi top gözəl olduğu qədər də vacib idi. Məhz bu qoldan sonra çempionluq uğrunda mübarizə son turlardakı gərginliyi aldı. Düzdür, İnter yenə çempion oldu. Lakin Qarabağ səfərdə “bankirlər”i məğlub etməsəydi, Kaxaber Çxadadze qızıl medalları qazandığa daha tez və asan sevinə bilərdi.
Mövsümün qalmaqalı: Lənkərandakı dava
Bu nominasiyada isə Final mərhələsinin birinci dövrəsində keçirilən XL – Neftçi matçının və orada yaşanan olayların heç bir rəqibi yox idi. Meydançaya çıxan azarkeş, atılan yad əşyalar, qırılan plastik oturacaqlar, baş hakim Əfqan Həmzəyevin döyülməsi, XL-in baş məşqçisi Ağasəlim Mircavadovun 5 oyunluq cəza alması...
Çox təəssüf ki, ölkənin bir nömrəli qarşıdurması sayılan XL – Neftçi görüşləri futboldan çox belə hadisələr və bu mövsüm baş tutan 4 oyunun hər birinin (!) 0:0 hesabı ilə yekunlaşması ilə yadda qaldı.
