19 may 2010 00:04
Köhnə-yeni tanışlar və dumanlı gələcək
“Unibank” Premyer Liqasının növbəti mövsüm üçün formatı məlum olmasa da, ora yüksələn komandaların adlarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Karvanla Standardı Gəncə və MOİK əvəz edəcək.
Azərbaycanın futbol rəhbərliyinin bütün dövrlərdə və bütün tərkibdə fikrini tez-tez dəyişmək xüsusiyyətinə malik olduğunu nəzərə alsaq, bəlkə də bu cümlə bir qədər tələsik işlənmiş təsiri bağışlayar. Ola bilər, sabah PFL fövqəladə iclas keçirsin, yaxud elə mayın sonlarına planlaşdırılan İcraiyyə Komitəsinin iclasında Karvanla Standardın yüksək liqada qalması barədə növbəti qərar qəbul olunsun. Amma bu gün üçün sakitlikdir. Hər halda, əldə etdiyimiz məlumatlara görə, hər iki klub I divizionda oynamağa razıdır. MOİK və Gəncə isə ciddi maliyyə problemlərindən əziyyət çəkmir.
Elə buna görə də Premyer Liqanın köhnə-yeni sakinlərini daha yaxından tanıyaq.
FK Gəncə
Yarandığı il: 1959
Rəngləri: ağ-göy
Stadion: “Kəpəz” stadionu (tutumu: 25 000)
Baş məşqçi: Fuad İsmayılov
Birvaxtlar Azərbaycanın ən titullu və ən populyar komandası. 3 dəfə (1995, 1998, 1999) Azərbaycan çempionu olub, 4 dəfə (1994, 1997, 1998, 200) Azərbaycan kubokunu muzeyinə aparıb. 1959-91-ci illərdə Dinamo, Toxucu və Tərəqqi, 1991-2005-ci illərdə Kəpəz adlanıb.
Gəncə adı Azərbaycan futbol azarkeşinə bir qədər qəribə gəlir. Komandanı biz Kəpəz kimi tanımışıq, Kəpəz kimi sevmişik, adını Azərbaycan futbol tarixinə də Kəpəz kimi yazdırıb. 2005-ci illərdə klubun keçmiş rəhbərliyi ilə yeni rəhbərliyi arasında mübahisə və inciklik “Gəncə” adına müraciət edilməsinə şərait yaratdı. Komandanın yavaş-yavaş əriyib şam kimi bitməsi də məhz o gündən başladı.
90-cı illərdə Kəpəz Azərbaycan futbolunun öndə gedən simalarından idi. Komandanın əvəzsiz baş məşqçisi Mehman Allahverdiyevin adı müxtəlif qaranlıq məsələlərdə hallansa da, fakt odur ki, məhz onun rəhbərliyi altında Gəncə futbolu çiçəklənə dövrünü yaşayırdı.
Bu gün Gəncədə nə Allahverdiyev var, nə də komandanın 3 çempionluq, 4 kubok qazanmasında əvəzsiz xidməti olan futbolçular – Mahmud Qurbanov, Xaliq Mərdanov, Fazil Pərvərov, Rövşən Əhmədov və başqaları var. Gəncə isə 3 illik səssizlikdən sonra bərpa edilib və yüksək liqaya dönür.
Dünənlə yaşamazlar. Bu günlə yaşasaq və sabaha baxsaq, komandanın perspektivləri dumanlı görünür. Aydındır ki, klub rəhbərliyi klubun bərpa edilməsi üçün xeyli əziyyət çəkib və bir neçə maneəni dəf edib. I divizionda qalib gəlmək də asan iş deyil, amma Premyer Liqa tamamilə başqa aləmdir. Burada ən inadkar və ən pullular qalib gəlir. Komandanın qarşısına nə məqsəd qoyulacağını isə heç birimiz bilmirik; klub rəhbərliyi hələ bununla bağlı geniş açıqlama verməyib.
Biz hesab edirik ki, bu gün üçün başlıca vəzifə yüksək liqada möhkəmlənmək və gələcəyin əsasını qoymaq olmalıdır. Ən böyük azarkeş tutumuna malik olan arenalarımızdan biri – Gəncə stadionu daha xoşagəlimli hala salınmalı, klubun infrastrukturu qurulmalıdır. Bir də ki... Yeni mövsümdən Premyer Liqada Gəncə əvəzinə Kəpəz görmək hər birimiz üçün daha xoş və sevindirici olardı.
Mərkəzi Ordu İdman Klubu
Yarandığı il: 1961
Rəngləri: ağ-qırmızı
Stadion: -
Baş məşqçi: Siyasət Əsgərov
Müdafiə nazirliyinin balansında olan Mərkəzi Ordu İdman Klubu yeni mövsümdən Premyer Liqada peşəkar olmayan yeganə klub olacaq. Hər halda, rəsmən. Ümid edək ki, peşəkarlıq bu klubun rəhbərliyi üçün yalnız sənədlə ölçülmür və onlar fəaliyyətini daha sistemli şəkildə quracaqlar. Yoxsa komandanı yenə sonuncu pillələrdən biri gözləyir.
Zarafat deyil, MOİK Premyer Liqanı 3 dəfə tərk edib və bu il 3 dəfə oraya qayıdır. İlk dəfə 1995/96 mövsümündə yüksək liqada çıxış edib. Ən yaxşı nəticəsini 1997/98 mövsümündə göstərib – 7-ci yer. 2002-ci ilə qədər OİK adlanıb. Bu adla 30 il Azərbaycan SSR birinciliklərində çıxış edib və maraqlıdır ki, 5 dəfə bu turnirin qalibi olub! Deməli, yüksək liqaya vaxtilə Azərbaycan çempionu adını qazanmış daha bir klub dönür. Qoy olsun lap Azərbaycan SSR çempionu...
Bu komandanın gələcəyi Gəncədən də dumanlıdır. Məsələn, ötən mövsüm MOİK infrasturukturu, daha doğrusu, onun yoxluğu ilə bütün klublardan mənfi mənada seçilirdi. Bəs bu dəfə necə olacaq? Aydındır ki, bir il ərzində heç nə dəyişməyib. Amma ortada bir məqam var: əgər bu mövsüm də komanda heyətini əsgərlik yaşı çatmış futbolçulardan quracaqsa, onda Premyer Liqaya beləsi lazım deyil. Klub rəhbərliyi anlamalıdır ki, ciddi maliyyə yatırımı olmadan güclü komanda saxlamaq mümkün deyil və kollektivi ən yaxşı halda, indiyədək 3 dəfə üz-üzə qaldığı aqibət – I diviziona yuvarlanmaq gözləyir...
MOİK-in ev oyunlarını harada keçirəcəyi də naməlumdur. Ötən mövsüm rəhbərlik “Şəfa”nı seçmişdi, ona qədər isə stadiondan çox, hərbi hissənin meydançasına bənzəyən Ordu stadionunda qonaqları qəbul edirdi. İki il əvvəl Müdafiə Nazirliyi həmin idman kompleksinin yenidən qurulacağını və ən yüksək standartlara cavab verəcəyini elan etmişdi. Bu gün onun aqibəti məlum deyil. Amma öyrənərik, daha doğrusu, PFL öyrənər. Normal çempionat təşkil etmək istəyirsə...
