21 may 2010 13:56
Kim İngiltərə və Fransa ilə oynamaq istəmir?
Bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda jurnalistlər üçün açıq məşq keçirən Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts qələm əhlinin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bir neçə maraqlı məqam barədə danışıb.
Komandanın durumu
“Cəmi iki məşq keçirmişik, ona görə də komandanın durumu barədə konkret heç nə deyə bilmərəm. Amma futbolçularım gərgin mövsümdən sonra bir qədər yorğun olduğu görünür. Bəzi keyfiyyətləri yüksəltməliyik. Xüsusən də komanda sürətini. Daha bir neçə məşqdən sonra kollektivin durumu barədə qəti bir fikir söyləmək olar”.
Rəqiblər
“Kim İngiltərə və Fransa ilə oynamaq istəməz? Amma onlarla hələ razılığa gəlmək lazımdır. Moldova, Makedoniya və Hondurasla isə razılaşmışıq. Hər üçü güclü rəqibdir və bu oyunlar bizə xeyir verəcək”.
Köməkçilər
“Nazim Əliyev mənim yeni köməkçimdir. Məncə, o bu rola layiqdir. Nazim Əliyev çox güclü futbolçu olub və bildiklərini gənclərə öyrətməlidir. Vəli Qasımov hələ ki, sınaq müddəti keçir. Avstriyaya bizimlə birgə getməyəcək. Təbriz Həsənovun da fəaliyyətindən razıyam. O gənclərdən ibarət yığmada çalışır, bu komandanı isə sentyabrda seçmə turnir gözləyir. Onun orada xeyli işi olacaq”.
Yeni futbolçular və İlqar Qurbanov
“İlqar Qurbanovun üzr istəməsinə ehtiyacım yoxdur. Biz futbol oynayırıq. Sadəcə, İlqar fiziki hazırlığını yüksəltməli və oynadığı klubda əsas heyətdə möhkəmlənməlidir. Yalnız bundan sonra onun yığmaya qayıtması barədə danışmaq olar. İndiki heyətdən kiminsə durumunu bəyənməsəm, başqa futbolçulara dəvət göndərmək olar. Amma bu gün üçün bu barədə düşünmürəm”.
