28 may 2010 00:37

Nostalji, yoxsa AFFA və PFL rəhbərliyi inqilab istəyir?

Azerisport.az-dan PFL prezidenti Ramin Musayevin açıqlamasına sözardı.

Hansı açıqlamasına? Artıq dünən PFL prezidenti bu qurumun və “Unibank”ın məlum tədbirində növbəti mövsümün reqlamenti məsələsinə aydınlıq gəldiyini bildirib. O deyib ki, Karvan və Standardı Gəncə ilə MOİK əvəzləyir, “altılıq” sistemi qüvvədə qalır, lakin Final mərhələsində “qızıl xallar” prinsipi tarixin yaddaşına köçür və komandalar bu mərhələyə 0-la başlayırlar.

Birincisi, PFL-in bu dərəcədə konspirativ siyasət aparması anlaşılan deyil. Bu gün mayın 28-dir. Lakin klublar hələ də yarışın hansı prinsiplə keçiriləcəyindən xəbərdar deyillər. Klub bilmir nə dərəcədə geniş heyət qursun, qarşısına necə məqsədlər qoysun və hansı prioritetlər müəyyənləşdirsin. PFL və AFFA isə belə şəraitdə “şpion-şpion” oynayıb məsələni İran saqqızı kimi uzadırlar; əvvəlcə bir İcraiyyə Komitəsinin iclası təxirə salınır, sonra baş tutan başıbəlalı iclasda məsələyə çempionatın sonunda dönmək qərarını qəbul edirlər. Niyə? Axı nə mənası var?

Əgər Azərbaycan futbolunun başbilənləri, özlərini dünyanın ən mahir futbol biliciləri hesab edən veteranlarımız və digər “Mister Birçoxməsələlərihəlledən”lər qəzet oxuyub televizora baxmırlarsa, internetin mövcudluğundan xəbərdar deyillərsə, onlara biz deyək, siz çatdırın: cənablar, Avropa bu gün artıq 2011/12 və 2012/13 mövsümünün təqvimini və reqlamentini müzakirə edir. Sivil futbol ölkələrində işlər belə qurulur. Azərbaycandakı kimi “sən öl, bu format bizə sərf eləmir” variantı ilə yox.

İkincisi, başa düşə bilmirik, futbola ağa nəzərləri ilə baxan Böyük Kişilər bu “altılıq” sistemində nə görüblər? Məgər bu mövsüm göstərmədi ki, bu sistem yalnız avantüradır və əgər həm medallar, həm də premyer liqada qalmaq uğrunda mübarizənin gərginliyini istəyiriksə, ilk növbədə klubların ümumi səviyyəsini bərabərləşdirməliyik? Yoxsa mövsümün əvvəlində iddialı və güclü Simurqu mövsümün sonundakı ağlamalı vəziyyətə salmaqla Premyer Liqanın ümumi səviyyəsini qaldırmaq olarmı? Karvanla Standardın çempionatın sonuna iki tur qalmış I diviziona yollanması dərs olmadımı?

Belə görünür ki, PFL və AFFA özündən başqa futboldan heç kimin başının çıxmadığını hesab edir. Düşünür ki, bütün gün “futbolumuz inkişaf edir”, “görün, çempionatımız necə gərgin mübarizədə keçdi və başa çatdı” deyən “jurnalistlər”in sözləri azarkeşlərin ümumi mövqeyini əks etdirir. Onda özünüz-özünüzü aldadın; pul verib mədhiyyə oxutduğunuz o “yazanları” şərəfli və işini bilən jurnalistlər adam yerinə saymır. Müvafiq olaraq, onların dedikləri tutuquşu təkrarlamasından başqa bir şey ola bilməz. Bircə ona təəssüf ki, bu yazıq xalq onlara qulaq asır və əslində cəmiyyətin güzgüsü olmalı olan mətbuatın, xüsusilə də televiziyanın bu gün ən yalançı və satqın təsərrüfata çevrildiyini, OLANLARI YOX, OLMAYANLARI xəbər verməsini sona qədər dərk etmir.

Üçüncüsü və ən ağlamalısı, komandaların xalının yenidən 0-ə endirilməsi. Final mərhələsi ərəfəsində. Yəni mövsüm boyu topladığın xalların heç bir əhəmiyyəti yoxdur. Sən 17 xalla 6-cı yeri də tuta bilərsən, 48 xalla 1-ci yeri də. Amma (bu ifadəyə görə üzr istəyirəm) yumşaq yerini yırtmasan da olar, çünki istənilən halda, Final mərhələsində digər komanda ilə eyni hüquqlara malik olacaqsan.

...Deyəsən, yenə inqilab istəyirlər. Düz 9 il əvvəl, 2001/02 mövsümü də eyni sistemlə keçirilirdi. Nəticəsi – inqilab və 400 günlük futbolsuzluq.

Yoxsa nostalji hissləri bürüyüb?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.