1 iyun 2010 16:54
Yenə də keyfiyyətsiz şərhə qulaq asmalı olacağıq?
Azarkeşlər yenə yığmanın oyununu canlı efirdə görə biləcəklər. AFFA-nın rəsmi saytı iyunun 2-də, Bakı vaxtı ilə saat 21:30-da Honduras və Azərbaycan milli komandaları arasında Avstriyada keçiriləcək yoldaşlıq oyunu Azercell-in sponsorluğu ilə ANS televiziya kanalı vasitəsilə canlı yayımlanacağını yazıb.
Azerisport.az-dan: XXI əsrdə milli komandalar arasındakı görüşləri yayımlanmaması yayımlanmasından daha təəccüblü görünər. Özü də söhbət bir DÇ içtirakçısının matçından gedirsə. Bu mənada ANS-in bu qarşılaşmanı canlı efirə gətirməsi bir uğurdur. Amma belə görünür ki, burada kanalın idman siyasətindən çox AFFA-nın canfəşanlığı və onun sponsorunun qayğıkeşliyi böyük rol oynayır. Məhz bu iki, belə demək mümkünsə, təşkilat azarkeşlərin milli komandasız qalmasına imkan vermir. Əlbəttə, hər ikisinin öz məqsədləri var. Bununla belə, bizi - sıravi azarkeşləri hansısa daxili məqamlar maraqlandırırmı? Bizim üçün yığmanın oyununu izləməkdən vacib nə ola bilər?
Yeganə narahatlıq doğuran məqam yayımın, daha dəqiq desək, şərhin kefiyyətsizliyidir. Heç bir giriş vermək istəmirik və birbaşa deyirik: şərh biabırçı səviyyədədir. ANS-in idmana az-çox önəm verdiyi, ÇL-in qrup mərhələsini yayımladığı vaxtlarda da şərhçilərin fəaliyyəti birmənalı qarşılanmırdı. Moldova ilə görüşün şərhi isə heç bir çərçivəyə sığmır. Şərhçilərdən birinin (yalnız həmkar həmrəyliyi naminə ad çəkmək istəmirik) futboldan uzaq olması, oyunu yaxşı qavramaması və bəzən meydançada nəyin baş verdiyi açıq-aşkar anlamaması bu sətirlərin müəllifində, bəlkə də hər kəsdə əsəb gərginliyi yaradırdı. İnanırıq ki, həmin qarşılaşmanı 20-ci dəqiqədən sonra səssiz izləyənlər də tapılıb.
Vurğunu ANS-in üzərinə qoymağımızın yeganə səbəbi Hondurasla görüşü də bu kanalın efirə gətirməsidir. ANS-in yaxşı danışmağı xoşlayan, natiqlik bacarığı ilə seçilən, amma əməli fəaliyyətlə bağlı aşkar problemləri olan rəhbərliyindən bir tələbqarışıq xahişimiz var: kadr seçiminə diqqət yetirin. Əgər bunu da daxili işiniz sayırsınızsa, izləyiciyə hörmək edin və futboldan başı çıxmayan adamları futbolun şərhinə yaxın buraxmayın.
Deyilənlər digər bütün (!) Azərbaycan telekanallarına da aiddir.
