1 iyun 2010 10:51
Dünya çempionatını hansı kanallar göstərəcək?
Dünya çempionatına qədər qalan vaxt azaldıqca azarkeşləri ən çox maraqlandıran suallardan biri oyunlara hansı kanalda baxmağın mümkün olacağı məsələsidir. azerisport.az saytı olaraq bunu araşdırmağa çalışdıq və ortaya aşağıdakı mənzərə çıxdı.
Azərbaycanın efir məkanında 2010-cu ilin futbol üzrə dünya çempionatının eksklüziv yayım hüquqları «Lider TV»yə məxsusdur. Bu kanal çemponatı tam həcmdə canlı olaraq yayımlayacaq.
Oyunları azərbaycanlı şərhçilərin müşayiəti ilə deyil, digər dillərdə izləmək arzusunda olanların nəzərinə çatdırırıq ki, yayım hüququ Türkiyədə TRT-yə, Ruiyada «Pervıy kanal» və «Rossiya» telekanallarına (bərabər bölünməklə) məxsusdur.
TRT kanalının Azərbaycandakı nümayəndəliyindən aldığımız məlumata əsasən, iyunun 11-dən etibarən Azərbaycanın efir məkanında açıq yayımda TRT-1 deyil, TRT-Avaz kanalı yayımlanacaq və bu, çempionatın son gününə kimi davam edəcək. Peyk vasitəsilə türk kanallarını izləyənlər üçün də xoşagəlməz sürpriz var – oyun saatlarında peykdən ötürülən siqnal kodlaşdırılacaq. Səbəb TRT-nin dünya çempionatının oyunlarını yalnız Türkiyə ərazisində yayımlamaq hüququna malik olmasıdır.
Aparıcı kabel televiziyası operatoru olan KATV1 şirkətindən aldığımız məlumata görə, bu kabel televiziyasının abunəçiləri dünya çempionatının oyunlarını tam həcmdə Azərbaycan, rus, türk, ingilis və hətta ərəb dilində də izləmək imkanına malk olacaqlar. Belə ki, «Lider» telekanalı bu şirkətin abunəçiləri üçün kəsintisiz və tam həcmdə retranslyasiya olunur. Eyni sözləri Rusiya kanalları barədə də demək olar. TRT-1 kanalı isə KATV1 platformasında Türkiyədə olduğu kimi, yəni verilişlərin cədvəlində hər hansı dəyişiklik olmadan yayımlanacaq. KATV1-in rəqəmsal yayımındakı «VİP-Sport» paketinin abunəçiləri isə oyunları həm də ingilis və ərəb dillərində şərhlərlə izləyə bilərlər.
O ki qaldı internet həvəskarlarına, saytımız bütün oyunlardan canlı reportajlar təqdim edəcək.
