2 iyun 2010 23:24
Azərbaycan Hondurasa qarşı (YENİLƏNİB)
AZƏRBAYCAN – HONDURAS
2 iyun. Zel-am-Zeye (Avstriya). Hakim – Roland Brandner (Avstriya).
AZƏRBAYCAN: Səlahət Ağayev, Rəşad Sadıxov, Saşa Yunisoğlu, Maksim Medvedev, Elnur Allahverdiyev, Samir Abbasov, Mahir Şükürov, Vüqar Nadirov, Elvin Məmmədov, Amit Quluzadə, Rauf Əliyev
Ehtiyat oyunçuları: Fərhad Vəliyev, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Cavid Hüseynov, Arif Daşdəmirov, Ruslan Əmircanov, Fabio
1' Fit verildi və komandamız topa ilk zərbəni vurdu. Elə ilk dəqiqədə Vüqar Nadirov qapıçı ilə təkbətək çıxa bilərdi. Alınmadı.
3' Oyun meydanın mərkəzinə yaxın gedir və ciddi bir şey baş vermir.
4' Nadirovun sol cinahdan ötürməsi dəqiq alınmır.
6' Yağış altında davam edən oyunda Azərbaycan əsasən sol cinahdan hücuma keçməyə çalışır. Hondurasın üstünlüyü hiss olunmur.
9' Honduras komandasının dünya çempionatının final mərhələsində iştirak edən milli olması qətiyyən nəzərə çarpmır. Oyun bərabər mübarizə şəraitində keçir.
12' "Neftçi"nin azarkeşlərinin köhnə şüarlarını xatırlasaq, bəzən adama elə gəlir ki, Azərbaycan "məşq eləyir". Heyf ki, biz KONKAKAF zonasına daxil deyilik.
13' Honduraslı futbolçu Figureoa kobud oynayır və hakim ona sarı vərəqə göstərir.
15' Qapımız qarşısında çox təhlükəli vəziyyət yaranır, lakin müdafiəçilərimizin yaxşı oyunu və honduraslıların bacarıqsızlığı imkan vermir ki, hesab açılsın.
18' Honduras təzyiqi arrtırır. Görəsən bu təzyiqə nə qədər davam gətirə biləcəyik?
22' Oyunçuların "peşəkarlığı" bir yana, meydançadakı gölməçələr də topun hərəkətinə mane olur.
25' Azərbaycan yenə sol cinahda nəsə "yaratmaq" istəyir, hələ ki, heç nə alınmır. Sağ cinah haqqında hələlik fikirləşən yoxdur. 0:0
28' Oyun arabir "tutmalar" şəklində kəskinləşsə də, əsasən ölgün tempdə davam edir.
30' Qapımıza tərəf cərimə zərbəsi təyin olunur. Təxminən 28-29 metr məsafədən vurulan top qapı dirəyindən azca aralı keçir. Bəxtimiz gətirdi.
33' Futbolçularımız hücumda ikən topu geri tərəfə ötürə-ötürə son nəticədə qapıçımıza çatdırırlar. Oyun beləcə davam etməkdədir.
36' Nəhayət ki, sağ cinahdan hücuma keçirik, Bir şey alınmadı.
39' Honduraslı futbolçu qoşa ayaqla yarıımmüdafiəçimizin ayaqları altına tullanır. Belə hərəkətə görə dünya çempionatında ancaq qırmızı karta ümid etmək olar.
41' Sağ tərəfdən ötürülmüş topa çatan Elvin Məmmədov yaxın məsafədən az qala hesabı açacaqdı. Azca alınmadı. Heyf!
Birinci hissə 0:0 hesabı ilə başa çatır. 15 dəqiqə dincələk.
Matçın ikinci hissəsi başlayır.
49' İkinci hissədə meydana çıxmış Fabio Luis Raminə qarşı qayda pozulur. Cərimə zərbəsi. Zərbə dəqiq alınmır.
51' Azərbaycan millisi rəqibinin cərimə meydançasının qarşısında lövbər salıb. Müdafiəçilər hələ ki, ciddi nəyinsə alınmasına imkan vermirlər.
53' Millimiz tam ərazi üstünlüyünə malikdir. Kaş biz də dünya çempionatına gedəydik. Ən azı Hondurasla bərabər oynaya bilirik.
54' Elnur Allahverdiyev sarı vərəqəyə layiq görülür.
57' Növbəti hücumumuz nəticə vermir.
60' Meydançada ehtiraslar qızışır. Amit Quluzadə sarı vərəqə alır.
65' Ramin qapıçı ilə təkbətək çıxır, yıxılır, hakim penalti təyin etmir.
67' Komandamızın hücumlarının ardı-arası kəsilmir.
68' Amit Quluzadəni Çertoqanov əvəz edir.
70' Səlahət Ağayevin çox kobud səhvi avtoqola gətirib çıxaracaqdı. Bəxtimiz bu dəfə də gətirdi. 0:0
73' Saşa Yunisoğluna qırmızı vərəqə verilir. Onun hərəkəti əslində buna layiq idi, belə ki, hücuma keçən Alvaresə qarşı çox kobud oynamışdı. Görək Honduras 10 azərbaycanlıya qarşı nəsə edə biləcəkmi?
76' Mundialın qrup mərhələsində Hondurasın rəqibi olan İspaniya təmsilçiləri bu oyuna tamaşa etsəydilər, bugünkü rəqibimizə qarşı sırf ehtiyat oyunçularından ibarət komanda ilə çıxmaq qərarına gələrdilər.
80' Azlıqda qalmağımıza baxmayaraq, hücumlarımız davam etməkdədir.
81' Mahir Şükürovun zərbəsindən sonra top az qala qapıdan keçəcəkdi.
84' Millimiz hücumdadır.
86' Dünya çempionatının startına 9 gün qalmış final mərhələsinin 32 komandasından biri 10 azərbaycanlı ilə bacara bilmir.
89' Leysan yağış ona gətirib çıxarıb ki, meydança tamamilə gölə çevrilmək üzrədir. Topun və futbolçuların hərəkəti çox problemlidir.
91' Matç bitdi - 0:0
Gecəniz xeyrə qalsın.
