2 iyun 2010 18:09
"İnter"i hansı klub imtahana çəkəcək?
2010/2011-ci illər mövsümündə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək Bakının "İnter" futbol klubunun mümkün rəqibləri məlum olub. İkinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “İnter” səpələnməmiş klublar arasında yer alacaq.
Həmin mərhələdən yarışa qoşulacaq və səpələnmiş klublar, yəni çempionumuzun mümkün rəqibləri isə bunlardır:
"Hapoel" (Tel-Əviv, İsrail), "Sparta" (Çexiya), "Rosenborq" (Norveç), "Red Bull Zalsburq" (Avstriya), "Liteks" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya), BATE (Belarus), "Lex" (Polşa), "Jilina" (Slovakiya), "Şerif" (Moldova), "Debretsen" (Macarıstan), "Omoniya" (Cənubi Kipr), AİK (İsveç), "Bohemians" (İrlandiya), "Ekranas" (Litva) və "Aktobe" (Qazaxıstan).
azerisport.az xəbər verir ki, püşkatma mərasimi iyunun 21-də Bakı vaxtı ilə saat 15:00-da UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutmalıdır. İkinci mərhələnin ilk oyunları 13-14 iyul, cavab oyunları isə 20-21 iyul tarixlərində keçirilməlidir.
