3 iyun 2010 16:08
Mesut Özil Almaniyanın himnini niyə oxumur?
Dünən əfsanəvi futbolçu Frants Bekkenbauer CAR-da başlayacaq dünya çempionatı öncəsi bütün Almaniya yığmasının futbolçularını matçlardan əvvəl ölkənin himnini oxumağa səsləyib. Bu gün isə jurnalistlər Almaniya milli komandasında çıxış edən türk əsilli Mesut Özildən nəyə görə himni oxumadığını soruşublar.
azerisport.az xəbər verir ki, Özil sualı belə cavablandırıb: «Himn çalınan zaman mən artıq bütün fikrimi oyunda cəmləşdirirəm. Sonra isə dua edirəm. Uğur qazanmağımıza, zədə almamağımıza dua edirəm. Hamı kimi mənim üçün də himn emosional anlamdır, qürur duymalı məfhumdur. Buna baxmayaraq, məncə, hərə özü üçün müəyyənləşdirməlidir – oxusun, ya yox».
Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə öz növbəsində bildirib ki, himni nə qədər çox futbolçu oxusa, bir o qədər yaxşıdır. Amma buna heç kimi məcbur etmək olmaz.
