4 iyun 2010 09:24
Salyana afrikalılar gəlir
Salyanın "Muğan" futbol klubu yeni mövsüm üçün hazırlıqlara iyunayının ortalarından başlayacaq. azerisport.az saytı xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevin Peşəkar Futbol Liqasının rəsmi saytına verdiyi məlumata görə, Bakıda bir araya gələcək komanda yeni mövsümə hazırlığın ilkin mərhələsini paytaxtda təşkil edəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə xarici ölkələrin birində baş tutacaq.
Klubun transfer siyasətindən bəhs edən R.Abdullayev bunları deyib: "Demək olar ki, hər mövqeyə futbolçu axtarışlarımız davam edir. Bu günlərdə iki legioner futbolçu ilə ilkin razılığa gəlmişik. Bunlar Afrika qitəsinin milli komandalarında çıxış edən futbolçulardır. Biri hücumçu, digəri isə yarımmüdafiəçidir. Adlarını hələlik açıqlamaq istəmirəm. Amma yenə də bütün mövqelərə futbolçu axtarışlarını davam etdiririk".
