7 iyun 2010 12:33
Mehmet Topal öz transferinə görə özü pul verib?
İspaniya mətbuatı Mehmet Topalın «Valensiya» futbol klubuna transfer ola bilmək üçün «Qalatasaray»a cibindən 1 milyon 500 min avro ödədiyini iddia edir. «Diarioas» qəzeti klublar arasında ödənişlərlə bağlı danışıqlar bir nəticə verməyincə, Türkiyə milli komandasının ulduzunun öz pulu ilə öz transferini maliyyələşdirdiyini bildirib.
azerisport.az bildirir ki, bundan əvvəl Türkiyə mətbuatı da Topalın belə bir hərəkət etdiyini bildirmişdi, lakin məbləğin cəmi 500 min avroya bərabər olduğu deyilirdi.
İspan qəzeti isə daha detallı məlumat yayıb. Belə ki, Mehmet Topalın «Valensiya»ya keçməsi üçün «Qalatasaray» ilkin ödəniş kimi 4 milyonluq ümumi məbləğin 70%-ni, yəni 2,8 milyon avro tələb edib. Lakin İspaniya təmsilçisi ilkin olaraq cəmi 1,3 milyon verə biləcəyini bildirib. Danışıqlar burada «daşa dirənib». Topal isə bu cür şansı əldən qaçırmamaq üçün çatışmayan 1,5 milyon avronu öz cibindən verib. Daha sonra valensiyalılar üç dəfə ödəniş etməklə Topalın borcundan çıxacaqlar.
Əlavə olaraq bildirilir ki, Topalın bu hərəkəti «Valensiya»nın rəhbərliyini çaşqın vəziyyətə salıb.
