7 iyun 2010 12:47
Çox istəyən azdan da qalar
Türkiyənin «Bursaspor» futbol klubunun gənc oyunçusu Sercan Yıldırım deyəsən məhkəmə qarşısında cavab verməli olacaq. Belə ki, «Adidas» firması ilə müqaviləsinin olmasına baxmayaraq, Sercan Madridin «Real» klubunun ulzudu Kriştianu Ronaldonun geydiyi «Nike» markalı ayaqqabıların təqdimetmə mərasimində iştirak edib. Və işlər qarışıb…
azerisport.az xəbər verir ki, 2006-cı ildə Sercan «Adidas»la 4 illik müqavilə bağlayıb. Həmin gündən etibarən futbolçu bu firmanın mallarını geyir. 2010-cu ilin yanvar ayının 1-də sözügedən şirkət futbolçu ilə 1 il ərzində yeni müqavilə imzalamaq hüququnu da əldə edib.
Lakin futbolçu firma ilə 4 illik müqavilənin başa çatmasından cəmi 4 ay sonra şirkəti xəbərdar etmədən komanda yoldaşı Volkan Şenle birlikdə «Nike» firmasının məhsullarının təqdimetmə mərasimində iştirak edib. Bundan sonra «Adidas» futbolçuya müraciət edərək «Nike»dan aldığı təklifin maddi şərtlərinin açıqlanmasını tələb edib. 1 ay ərzində sorğusuna cavab ala bilməyən «Adidas» məhkəməyə müraciət edib. Əgər məhkəmədə «Adidas» qalib gələrsə, futbolçu 4 il ərzində geydiyi məhsulların qarşılığı kimi firmaya 27 min türk lirəsi (13500 manat) ödəməlidir.
