11 iyun 2010 12:14
«Xəzər Lənkəran» Almaniyaya yollanır
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Xəzər Lənkəran" bu gün gecə saatlarında Almaniyaya yola düşəcək. PFL-in rəsmi saytı bildirir ki, klubun mətbuat xidmətinin rəhbəri Tural Əsgərovun verdiyi məlumata görə, komandanın yay təlim-məşq toplanışının ikinci mərhələsi Almaniyanın Burqhausen şəhərində təşkil ediləcək. Hal-hazırda gürcü futbolçu Davit İmedaşvili komandaya baxışa dəvət olunub. Ötən mövsüm "Olimpi" klubunun heyətində Gürcüstan çempionu olmuş D.İmedaşvili, həm də Gürcüstanın ən yaxşı yarımmüdafiəçisi seçilib.
azerisport.az saytının məlumatına əsasən, ilkin olaraq Almaniyadakı hazırlığı iyunun 25-nə kimi davam etdirməyi planlaşdıran cənub təmsilçisinin toplanışının vaxtı UEFA Avropa Liqasının püşkatmasının nəticəsindən asılı olaraq dəyişə bilər. Təlim-məşq toplanışı ərzində komandaya Rumıniya, Serbiya və Latviyadan bir neçə futbolçunun baxışa gələcəyi gözlənilir.
