18 iyun 2010 15:55
DEJA VÜ, yaxud Hər il yayda təkrarlanan Avrokubok həyəcanı
Bazar ertəsi günü Avropa klub turnirlərinin ilkin təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Davam edən dünya çempionatının fonunda bu, nə qədər sönük kimi görünsə də, azərbaycanlı azarkeşlər üçün bəlkə daha vacib hadisədir.
Milli komandamızın dünya və qitə birinciliklərinin final mərhələsinə çıxması utopiya kimi görünür. Seçmə turnirlərin qrup mərhələsində cədvəldə özümüzdən sonra kimisə görəndə uşaq kimi sevinirik. İlk yerlər isə bizlik deyil. Ona görə də, adətən qonşu ölkələrin komandalarına azarkeşlik edirik, özümüzə yad sahillərdən qəhrəmanlar, kumirlər tapırıq.
Builki çempionatda nə Türkiyə, nə də Rusiya çıxış etmir. Odur ki, əksəriyyət oyunları sadəcə «yaxşı futbol» görmək ümidi ilə izləyir. Nə isə… Uzağa getdik. Fransızlar demişkən, «qayıdaq öz qoyunlarımıza»…
Artıq indidən klublarımızdan gələn xəbərlərdə yalnız bir mərhələni keçməyi özü üçün böyük uğur sayanların fikirləri ilə tanış oluruq. Düzdür, qrup mərhələsinə adlamağı qarşısına məqsəd qoyanlar da var. Bunu ancaq alqışlamaq olar. Bircə mərhələni keçməyi məqsəd seçən komandanın ikinci mərhələdə nə edəcəyini fikirlərmək də çətindir. Bu yerdə Napoleonun məşhur kəlamı yada düşür.
Napoleon əsgərdən soruşur:
- Gələcəkdə özünü necə görmək istərdin?
Əsgər tez cavab verir:
- Sizin kimi imperator olmaq istərdim.
Napoleon məşhur kəlamını deyir:
- Bədbəxt! Mən Allah olmaq istəyirdim – Napoleon oldum. Sən nə olacaqsan?
Xarici ölkələrdə keçirilən Avrokubok oyunlarının televiziya translyasiyaları ayrıca söhbətin mövzusudur. Əksər hallarda belə məlum olur ki, televiziya kanallarımız bu oyunların yayımı üçün xərcləməyə pul tapmırlar, yaxud da belə arzuları olmur. Halbuki çox vaxt söhbət bir neçə min avrodan gedir. Ümid əsasən klubların özlərinə qalır. Komandanın rəhbərliyi azarkeşlərini sevindirmək istəyirsə, translyasiya təşkil olunur. İstəmirsə, azarkeşlər başlayırlar axtarışlara.
Yadımdan çıxmaz, ötən ilin Avrokubok kampaniyamızın bəlkə də ən maraqlı oyunu keçirilməli idi. «Qarabağ» Hollandiyada «Tvente» ilə qarşılaşacaqdı. Ağdamlıların oyunu ümid etməyə imkan verirdi ki, ən azı heç-heçəyə ümid etmək olar. Çox prinsipial oyun gözlənilirdi. Lakin son saatlarda məlum oldu ki, oyun televiziyada yayımlanmayacaq. Köməyə azarkeşlərin internet forumlarından axtarıb tapdığı KATV1 kabel televiziyasının əməkdaşı gəldi. Məhz onun istəyi və əməyi sayəsində bu kabel operatorunun abunəçiləri həmin axşam oyunu izləyə bildilər. Tragikomediyaya bənzəyirdi…
Ümid etmək istərdim ki, bu il ötən illərə bənzəməyəcək. Nə komandalarımızın iştahasının «zəifliyi» baxımından, nə də telekanallarımızın məhz tamaşaçıların istəklərini nəzərə alaraq işləməsi baxımından…
Püşkatmanın nəticələrini gözləyək.
HBİ
