22 iyun 2010 14:32
Flaqman dənizə gedib
"Neftçi" komandası yeni mövsümə hazırlıq çərçivəsində bu gün növbəti məşqini keçirib.
Klubun rəsmi saytına istinadla azerisport.az xəbər verir ki, "ağ-qaralılar"ın bu dəfəki məşqi dəniz kənarında olub. Baş məşqçi Arif Əsədov, məşqçilər Bəxtiyar Musayev və Elmir Xankişiyev, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılar üzrə məşqçi Neboyşa Manoyloviçin rəhbərliyi altında kross qaçışı ilə məşqə başlayan flaqman üzvləri ardından müxtəlif fiziki təmrinləri yerinə yetiriblər. Artıq Bakıda olan litvalı qapıçı Paulius Qribauskas və braziliyalı hücumçu Joze Karlos da hazırlıq prosesinə qoşulub. Yüngül zədəlilər - Rail Məlikov və Ruslan Əmircanov fərdi məşq ediblər. Komanda günü bir məşqlə tamamlayıb.
