22 iyun 2010 11:57
Makedoniyalılar «Qarabağ»ı özlərindən elə də güclü saymırlar
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Ağdamın «Qarabağ» futbol klubunun rəqibi Makedoniyanın Skopye şəhərinin «Metalurq» komandası olacaq. Skopyelilərin baş məşqçisi Jikitsa Tasevski azerisport.az saytına verdiyi müsahibədə bildirib ki, onlara heç də zəif komanda qismət omayıb.
«Qarabağ» - yaxşı komandadır, - Tasevski belə deyib. – Bilirəm ki, ötən mövsüm Avropa Liqasında onlar «Rusenborq»u keçiblər və öz meydanlarında Norveç klubuna qalib gəliblər. Ümumilikdə, çox şey bilmirəm, lakin xəbərim var ki, Azərbaycanda futbola böyük pullar qoyulur».
Tasevski rəqibi barədə hansı üsullarla məlumat toplayacağını da gizlətməyib. «Əvvəllər Azərbaycanda çıxış etmiş makedoniyalı futbolçularla əlaqə saxlayacağam. Misal üçün, bunlardan Artim Şakirini, Georgi Xristovu, Draqan Naçevskini göstərə bilərəm. Bu yaxınlarda Slavko Georgiyevski «Neftçi»yə keçib. «Qarabağ» haqqında Coko Haciyevski ilə söhbət edəcəyəm. Onunla çoxdan tanışıq. Eyni zamanda, rəqibimizin milli çempionatdakı oyunlarının videoyazılarını tapmağa çalışacağam», - «Metalurq»un baş məşqçisi sözlərinə belə davam edib.
Söhbət əsnasında makedoniyalı (bəzi şərhçilərimizin dediyi kimi «makedon» yox, məhz makedoniyalı) mütəxəssis deyib ki, ağdamlılar cütlüyün favoritidir, lakin Azərbaycan klubunun üstünlüyü elə də böyük deyil. Skopye təmsilçiləri öz qüvvələrinə inanırlar və artıq iki ildir ki, Makedoniyanın ən güclü divizionunda çıxış edirlər. Məqsədləri Avropa Liqasının ilk təsnifat mərhələsini keçməkdir.
Qeyd edək ki, müsahibə zamanı Tasevski təəccüblənib ki, «Qarabağ»ın heyətinin əsasını Azərbaycan yığma komandasının üzvləri təşkil edir.
Arayış: Jikitsa Tasevski «Metalurq»a 2010-cu ilin əvvəlindən rəhbərlik edir və 2011-ci ilin iyun ayının 30-na kimi klubla müqaviləsi mövcuddur. Bundan əvvəl isə mütəxəssis elə həmin Skopye şəhərinin «Vardar» klubunda baş məşqçi olub.
