23 iyun 2010 12:22
«Xəzər Lənkəran»ın ilk oyununa harda baxmaq olar?
Gələn həftə – iyulun 1-də Lənkəran klubu futbol üzrə Avropa Liqasının ilk təsnifat mərhələsinin birinci oyununda Modovanın Kişinyov şəhərində «Olimpiya» (Beltsı) komandası ilə üz-üzə gələcək.
azerisport.az xəbər verir ki, oyunun internet vasitəsilə canlı yayımına Moldova tərəfi məhdudiyyət tətbiq edib. Belə ki, internetdə regional prinsip üzrə Azərbaycan istifadəçiləri üçün qadağa mövcuddur. Bu cür prinsipdən Rusiyanın internet saytlarında tez-tez istifadə edilir.
Yerli televiziya kanalları ilə əlaqə saxlasaq da, hələlik sözügedən oyunun translyasiyası barədə dəqiq sözü heç kim deyə bilmir. Deyəsən, yenə də xarici ölkələrdən translyasiyanın təşkil olunması klub rəhbərliyinin ümidinə qalıb. Amma sevindirici xəbər ondan ibarətdir ki, əlaqə saxladığımız KATV1 kabel televiziyasından verilən məlumata görə, əgər yerli efir kanalları oyunu canlı yayımlamaqdan imtina etsələr, bu kabel operatoru əlində olan bütün imkanlardan istifadə edəcək ki, azarkeşlər «Olimpiya» - «Xəzər Lənkəran» matçını canlı izləyə bilsinlər. Bu istiqamətdə hazırda zəruri tədbirlər görülməkdədir.
