24 iyun 2010 16:32
«Xəzər Lənkəran» Moldova komandası ilə oyuna «Zimbru» stadionunda hazırlaşacaq
Azərbaycanın «Xəzər Lənkəran» futbol klubu sabah - iyunun 25-də Moldovanın paytaxtı Kişinyov şəhərində olacaq. Lənkəranlılar 6 gün ərzində Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində oynanılacaq «Olimpiya» ilə matça «Zimbru» stadionunda hazırlaşacaq. Maraqlıdır ki, oyun da məhz həmin stadionda keçiriləcək.
azerisport.az xəbər verir ki, «Zimbru» stadionunun baş direktoru Georgi Juravelin sözlərinə görə, Kişinyov klubunun sahibi Nikolay Çernıy «Xəzər Lənkəran»ın prezidenti Mübariz Mənsimovun dostudur və onlar belə razılığa gəliblər.
- Nikolay Timoyeveviç onun təklifinə razılıq verib, axı onlar dostdurlar, - Juravel belə deyib. – Bizə isə yalnız onu öyrənmək qalır ki, azərbaycanlı futbolçular nə vaxt gələcəklər. Əvvəlcədən bildirilib ki. Lənkəran klubu iyunun 25-i səhər gələcək, lakin biz bu xəbərin təsdiq olunmasını gözləyirik. «Xəzər Lənkəran» komandası «Zimbru» mehmanxana kompleksində yerləşdiriləcək və bu stadionda hazırlıqlarını davam etdirəcək.
- «Xəzər Lənkəran» burada pulsuz qalacaq?
- Əlbəttə ki, yox. Hər şey – qidalanma, burada qalma, məşqlər – standart tariflər üzrə həyata keçiriləcək. Azərbaycanlı qonaqlarımız üçün ekskursiya da təşkil edəcəyik.
- Kişinyovu gəzəcəklər, yoxsa Moldovanı?
- Müəyyən planlar var. Məsələn. Onları «Şato Varteli» şərab kompleksinə aparmaq istəyirik.
- Qorxmursunuz ki, moldovalı azarkeşlər sizi başa düşməsinlər? Belə çıxır ki, «Zimbru» digər Moldova komandasının Avropa Liqasındakı rəqibinə kömək edir.
- Qətiyyən belə deyil. Kimsə fikirləşməsin ki, biz «Xəzər Lənkəran»a nədəsə güzəştə gedirik. Əgər «Olimpiya» bizdən belə bir xahiş etsəydi, onlara da həmin şərait yaradılacaqdı. Bizim futbol infrastrukturumuz böyukdür və böyük xərclər tələb edir. Məşhur klublar bura qonaq gələndə sevinirik. Axı onlar bizim klubumuzun büdcəsini doldururlar. Son nəticədə, həmin pullar «Zimbru» komandasının inkişafına xərclənir.
