29 iyun 2010 12:47
Leo Franko «Qalatasaray»a əxlaqa sığmayan təkliflə müraciət edib
Türkiyənin «Qalatasaray» futbol klubunun qapıçısı Leo Franko ötən mövsüm ərzində uğursuz çıxışı ilə hamının diqqət mərkəzində olub. Təəccüblü deyil ki, mövsüm başa çatar-çatmaz klub rəhbərliyi argentinalı qapıçıya «özünə klub axtar» göstərişi verib.
Sarı-qırmızılılardan ildə1,6 milyon avro əməkhaqqı alan Leo Franko bu qədər maaşı bir çox klubda axtarsa da, tapa bilməyib. Sonradan «Qalatasaray»ın rəhbərliyinə inanılmaz dərəcədə əxlaqsız təklif edib: «Mənə ildə uzağı 1 milyon avro təklif edirlər. 2 il ərzində itirəcəyim 1,2 milyon avronu verin, gedim».
azerisport.az bildirir ki, Leo Frankonun bu təklifi «Cim-Bom» rəhbərliyini şoka salıb və klub əks-hücuma keçib. Qapıçıya verilən cavab belə olub: «Belə bir şey qeyri-mümkündür. Əgər özünə klub tapmasan, ən geci iyulun 5-də İstanbulda olmalısan».
«Qalatasaray»la hələ 2 illik müqaviləsi olan qapıçının klub tapmayaraq komandanın təlim-məşq toplanışına qoşulacağı heç kimdə şübhə doğurmur.
Sarı-qırmızılılar təlim-məşq toplanışlarını Hollandiyada keçirəcəklər.
