Vinfrid Şefer: Buduçnost-la oyuna hazırıq
Azerisport.az xəbər verir ki, “Bakı” futbol klubunun baş məşqçisi Vinfrid Şefer dünən “Olimpik-Şüvəlan”a (4:3) qarşı keçirilən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Şefer ilk öncə komandamızın Almaniyanın Bitburq şəhərində keçirdiyi iki həftəlik təlim-məşq toplanışı barədə danışıb: “Təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Komandamızın üzvləri məşqlərdə çox yaxşı çalışırdılar. Kollektiv daxilindəki ab-hava məni çox sevindirir. Yoxlama oyunlarında da uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Düzdür, yoldaşlıq oyunlarında nəticə önəm daşımır. Amma onların hər bir oyuna qələbə həvəsiylə çıxması, meydanda sonadək vuruşması məni məmnun edir”.
Klub saytının məlumatına görə, almaniyalı mütəxəssis “Olimpik-Şüvəlan”a qarşı keçirilən matç barədə də fikirlərini bölüşüb: “Bu oyuna bizim çox ehtiyacımız var idi. Çünki komandamızda bir neçə yeni oyunçu var. Hansılar ki, respublika stadionunda ilk dəfə oynayırdılar. Bu səbəbdən də oyun bizim üçün önəmli idi. Komandamız matça yaxşı başladı. Tezliklə 2 qol vurduq. Lakin sonradan bəzi oyunçularda arxayınçılıq yarandı ki, nəticədə də rəqib hesabı bərabərləşdirdi. Amma ümumi götürdükdə komandamız iyulun 15-də “Buduçnost”a qarşı keçirəcəyimiz matça tam hazırdır. Komandamız rəqiblə 90 dəqiqə fiziki cəhətdən mübarizə aparmağa qadirdir”.
