17 iyul 2010 00:24
Azərbaycan şərhçiləri və yaxud bu problemin sonu olacağmı?
Sirr deyil ki, Azərbaycanın TV məkanında şərhçilik sahəsində, yumşaq desək, nöqsanlar var. Söhbət konkret olaraq futbol oyunlarının şərhindən gedir. Demək olar ki, hər oyunda biz bu nöqsanları eşidirik. Sizdən soruşmaq istərdim: şərhçilərimizə qulaq asanda sizə elə gəlmir ki, onlar oyunu tam olaraq yaddan çıxarırlar və fikirləri hardasa başqa yerdə olur? Əgər bu əslində belə deyilsə, onda başa düşə bilmirəm, nəyə görə bir oyun ərzində bu gədər səhv buraxılır? Doğrudu, bütün şərhçilər eyni deyil. Yaxşıları da var... Amma çox az...
Ümumiyyətlə bütün Azərbaycan şərhçilərinində bir ortaq problemləri var – oyunçuları və onların adlarını səhv salırlar. Elə oyun olmur ki, bu baş verməsin. Ola bilər ki, kimsə buna göz yumsun, desin ki, bu kiçik məsələdi. Lakin, yaddan çıxartmaq lazım deyil ki, bütün böyük problemlər kiçik nöqsanlardan başlayır. Bu gün biz buna göz yumacağıq, sabah başqa bir şeyə və sairə və ilaaxır. Və nəticədə elə olacaq ki, efirdə idmandan uzaq insanlar oturub guya şərhçilik edəcək. Amma açığını deyim, elə indi də belə hiss yaranır... Misal üçün, bu yaxınlarda keçirilmiş DÇ-2010-nun şərhçiliyini yadımıza salaq... Əlbətdə hər oyunu misal gətirməyə nə yer, nə də ki vaxt çatmaz. Amma bir neçə ifadə yada salaq: DÇ-nin ilk görüşlərindən biri – Uruqvay-Fransa, oyunun 2-ci (!) dəqiqəsi təzə başa çatıb, və şərhçi artıq ərazi üstünlüyündən danışır. Düzdü, bəziləri deyə bilər ki, bu adi bir şeydi. Amma biri var ki, oyunun ortasında, axırında və ya heç olmasa 10-15-ci dəqiqəsindən sonra ərazi üstünlüyündən danışasan, biri də var ki, bu üstünlükdən oyunun ilk dəqiqəsində deyəsən. Təsəvvür edin ki, hansısa bir komanda görüş başlayan zaman mərkəzdən topu oyuna daxil edir və bu məqam ekranda komandaların topa sahib olma faizi çıxır – 100% - 0%... Heç FİFA-nın statistika şöbəsinin işçiləri də 2-ci dəqiqədə topa kimin çox sahib olduğunu ölçməyiblər. Ümumiyyətlə Lider telekanalının şərhçiləri oyunu şərh edəndə adam bütün oyun boyu əsəbləşir. Cavab verə bilərsinizimi, top meydançanın mərkəzində oyunçunun ayağına düşürsə və bu oyunçunun qabağında 4-5 rəqib futbolçudan başqa heç kəs yoxdursa niyə, nəyə görə belə qışqırmaq lazımdı ki, elə bil Azərbaycan DÇ-nin final oyununun son əlavə edilmiş dəqiqəsində qol vuraraq dünya çempionu oldu? Və bu sadəcə iki nümunədi! Və yaxud digər şərhçi, bütün oyun ərzində Özilə ÖzÜl deyirdi, Bastosa – BaŞtoŞ. Məgər dünya futbolundan xəbəri yoxdu? Yoxsa monitorda o gədər nasazlıq var idi ki hərflər belə dəyişirdi?
Dünən keçirilən "Bakı" – "Buduçnost" oyununun şərhçisi isə hər bir fintə "texniki fənd", driblinqin nümayişinə isə "texniki hərəkətlər" deyirdi. Mən elə düşünürəm ki, əslində şərhçi "oyunçu texnikasını nümayış etdirir" demək istəyirdi. Kimsə cavab verə bilərmi, futbolda "texniki hərəkətlər" nə deməkdi? Və yaxud, qapıçı meydançada ən aktiv oyunçu necə ola bilər? Çətin topları götürüb oyunun və ya komandasının qəhrəmanı ola bilər. Amma qapıçını komandanın ən aktiv oyunçusu adlandırmaq... Hətta oyunçular meydançada görsənmirlərsə və qapıçı hər epizodda komandasını qoldan xilas edirsə, bunun aktivliyə heç bir aidiyyəti yoxdu. Niyə bizim şərhçilərimiz belə sadə şeyləri bilmirlər? Yoxsa rus və yaxud türk dilində nəyisə eşidib sonra azərbaycan dilinə tərcümə edərək və ya etməyərək sonradan efirdə səsləndirirlər? Onda heç olmasa bunu düzgün tərcümə edin!
Rus ifadələrinin tərcüməsi də ayrı bir məsələdi... Yenə də qayıdaq Lider TV-nin şərhçilərinə... DÇ-nin son oyunlarını Lider radiosunun di-djeyləri şərh edirdilər, hamı bunu bilir. Və doğrusu, heç də pis alınmırdı, lakin: "top canlı DİVARA dəydi", "müdafiəçi topa vurmağa İCAZƏ vermədi" kimi ifadələr hər şeyi korlayırdı.
Və bu sadəcə bu yay ərzində olan nöqsanların arasından bir neçəsi idi. Lider kanalı, səhv etmirəmsə 6 ildi bizə müxtəlif çempionatları izləməyə imkan yaradır və buna görə hamı minnətdardı. Amma niyə bu vaxt ərzində kanalın şərhçiləri indi də 6 il əvvəlki kimi oyunu şərh edirlər. O vaxt hər nöqsanı təcrübəsizliyin üstünə asmaq olardı. Bəs indi? Məgər bu qədər vaxt bəs deyil ki, oyunçulraın adlarını bilmək, üzündən tanımaq üçün? Məgər bu qədər vaxt bəs deyil ki, ilkin mərhələdə olan səhvləri düzəltmək üçün? Belə şərhçiliyə görə tamaşaçılar məcbur olurlar ki, oyunlara digər ölkələrin kanallarında baxsınlar. Hərdən bir adam elə fikirləşir ki, bəlkə şərhçilər kabel kanalları ilə hansısa bir gizli razılaşma bağlayıblar və indi bilərəkdən oyunları belə şərh edirlər.
Bu və digər problemləri nəzərə alaraq, ortada bir sual peyda olur: nə vaxta kimi Azərbaycan şərhçiləri hesab edəcəklər ki, onlar oyunu əla və mükəmməl aparırlar və nəhayət öz üzərində işləməyə başlayacaqlar?
Hələ ki, bu suala cavab yoxdu.
