21 iyul 2010 12:21
Rəşad Abdullayev: Artıq nəticə qazanmağın vaxtı çatıb
Azerisport.az Azərbaycanın "Neftçi" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, "neftçilərin" yarımmüdafiəçisi Rəşad Abdullayev komandasının Türkəyədə keçirdiyi təlim-məşq toplanışı haqqında öz fikirləri ilə bölüşdü.
"Avstriyada olduğu kimi, Türkiyədə də çox ciddi hazırlaşırıq. Premyer Liqanın startına 20 gündən də az qalıb. Məqsədimiz çempionata hazır olub, ən yüksək yerlər uğrunda mübarizə aparmaqdır", - Abdullayev bildirdi.
Onun sözlərinə görə, növbəti mövsümdə əsas hədəf "Neftçi"nin öz oyun üslubunu qaytarmadır: "İstəyirik ki, "Neftçi" əvvəlki kimi, özünəməxsus futbol oynasın. Topa daha çox nəzarət etməli, sürətli oyuna üstünlük verməliyik. Son 1-2 mövsümdə müdafiəyə daha çox diqqət yetirirdik. İndi isə hücuma meylli futbola üstünlük veririk. Yoldaşlıq görüşlərində bu əsas amil kimi götürülür. Bəzən elə olur ki, təlim-məşq toplanışında komandanın nəticələri yaxşı olmasa da, çempionatda yüksək nailiyyətlər əldə edir".
Həmçinin, Abdullayev sabah Türkiyənin "Orduspor" klubuna qarşı keçiriləcək yoldaşlıq görüşünə də toxunub: "Türkiyənin birinci liqasının təmsilçisi olan rəqibimiz güclü komandadır. Yoxlama matçı olmasına baxmayaraq, qalib gəlməliyik. Çünki artıq nəticə qazanmağın vaxtı çatıb".
