23 iyul 2010 00:59
Arif Əsədov: Bu gün baxımlı oyun göstərə bildik
Azerisport.az Azərbaycanın "Neftçi" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Arif Əsədov bildirdi ki, "Orduspor"- la görüşdə futbolçuları taktiki planda etimadı doğrultdular.
"Onlar verilən tapşırıqların 100 faizini olmasa da, böyük hissəsini yerinə yetirdilər. Ən əsası isə bu gün baxımlı oyun göstərə bildik. Müdafiədən hücuma tez qoşulurduq. Çoxdandır 4 qol vurmurduq. Bu da onu göstərir ki, komandaya səviyyəli hücumçu gələndə, rəqib qapısına doğru həmlələr də məntiqi sonluqla nəticələnir", - Əsədov dedi.
Çalışdırıcı "Orduspor" üzərində 4:0 hesablı qələbədə xüsusilə ön xətt oyunçularının əməyini qiymətlənidirib: "Bahodir Nasimov ələ düşən fürsətdən yararlandı. Rəşad Abdullayev cinah keçidləri sayəsində inamlı nəzərə çarpdı. Bundan başqa, Flavinyo yol yorğunluğuna baxmayaraq, çox yaxşı təsir bağışladı. "Orduspor" pis komanda deyil, Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Ümumiyyətlə, türklər mübarizəyə, pressinqə üstünlük verirlər. Oyundan qabaq da futbolçulara bunu demişdim və rəqibi əks-hücumda yaxalamağın vacibliyini söyləmişdim. Bu taktika özünü doğrultdu. Bizim oyun üslubu rəqibə heç bir imkan vermədi", - baş məşqçi bildirdi.
