27 iyul 2010 00:00
Gəncə klubu Gürcüstanda ilk qələbəsini qazandı
Gürcüstanda təlim-məşq toplanışında olan "Gəncə" futbol klubu sayca ikinci yoldaşlıq görüşünü keçirib. Klubun mətbuat xidmətindən aerisport.az saytına bildirilib ki, Fuad İsmayılovun yetirmələri ilk oyunda minimal hesabla məğlub olsalar da ikinci qarşılaşmada Zuqdidinin eyni adlı komandasını məğlub ediblər. "Gəncə" komandasının üstünlüyü ilə keçən oyunda hesabı Xəyal Mustafayev açıb. Bundan sonra qərb təmsilçisinin dəfələrlə fərqlənmək imkanı olsa da gəncəlilər gürcüləri mərkəzdən başlamağa məcbur edə bilməyiblər. "Gəncə"-nin baş məşqçisi Fuad İsmayılovun sözlərinə görə bu yoxlama oyunlarında baxışa dəvət olunan oyunçulara şans verib. Onların arasında öz oyunları ilə məşqçinin diqqətini cəlb edən futbolçular da var.
"Ümumilikdə oyunçuların vəziyyətindən narazı deyiləm. Hələlik iki yoxlama oyunu keçirmişik. Futbolçular günü gündən tempi artırır, komanda yoldaşlarını daha da yaxşı başa düşməyə başlayırlar. Baxışa dəvət olunan futbolçular arasında müsbət rəyə malik olduğum oyunçular var. Lakin son qərar Gürcüstan səfərindən sonra qəbul olunacaq", - İsmayılov bildirib.
Komandanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə, "Gəncə" sayca 3-cü yoxlama oyununu iyulun 28-də Kutaisi komandasına qarşı keçirəcək. Baş məşqçi bu oyunda daha bir leqioneri də sınaqdan çıxaracaq. Komandadan verilən məlumata görə, Pribaltikadan olan futbolçu bu gün "Gəncə"-nin sıralarına qatılacaq və yoxlanacaq.
