30 iyul 2010 01:45
Qurban Qurbanov: Cavab oyununda bizə çox çətin olacaq
Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə keçirilən ilk görüşdə qonaq meydançasında 0:1 hesab ilə qələbə qazandı. Azerisport.az xəbər verir ki, qələbəyə baxmayaraq, ağdamlıların baş məşqçisi Qurban Qurbanov o qədər də sevinmirdi: "Cavab oyununda bizə çox çətin olacaq, çünki "Wisla" qisas almaq niyyətndə olacaq".
"Çox maraqlı oyun alındı. Bizə qarşı çox yaxşı komanda oynayırdı. Oyun ərzində bizim qol vurmağa çoxlu imkanımız var idi, buna görə də, hesab edirəm ki, biz bu qələbəyə layiq idik", - Qurbanov bildirdi.
Onun sözlərinə görə, baxmayaraq ki, "Wisla"-nın müdafiəçisi Bunoza meydançanı qırmızı vərəqəyə görə tərk etdi, oyun heç də asanlaşmadı, lakin meydançada açıq futbol başlandı.
"Wisla"-nın oyunu bizi təəcübləndirmədi. Birdə deyim ki, "Wisla" çox güclü komandadı və cavab oyununda tam başqa oyun nümayiş etdirə bilər", - Qurbanov dedi.
Həmçinin, "Qarabağ"-ın baş məşqçisi rəqibin azərkeşlərinə də minnətdarlığını bildirdi: "Azərkeşlərə ayrıca minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, oyun onların xoşuna gəldi".
