9 avqust 2010 01:01
Azərbaycan çempionatının sürprizləri və super oyunları
Dünən və bu gün Azərbaycan çempionatının birinci turun oyunları keçirildi. Azerisport.az birinci turun icmalını təqdim edir.
İlk öncə dünən keçirilən "Bakı" – AZAL oyunundan başlayaq. Kim təssəvvür edə bilərdi ki, 44-cü dəqiqədən 54-cü dəqiqəyə qədər qonaqlar üç qol vuracaqlar. Əlbətdə, hər şeyi üçüncü qapıcı Aqil Məmmədovun üstünə atmaq olar. Əsas günah müdafiə üzərində idi ki, onlar rəqib oyunçulara zərbə endirməyə imkan verirdilər. AZAL-a isə alqışlar. Oyundan əvvəl kimsə deyə bilərdimi bu görüş "təyyarəçilərin" xeyrinə bitəcək? Hər halda komandaların çalışdırıcıları oyunçuları üzərində işləməlidirlər. Vinfrid Şefer – müdafiə xəttində nələr baş verdiyini tapmalıdı, Nazim Süleymanov isə oyunçularına başa salmalıdı ki, oyun "kim tez üç top vurdu" yox, 90 dəqiqədən ibarətdir.
Turun digər maraq doğuran qarşılaşması isə Lənkəranda yerli XL-lə "Qəbələ" arasında keçirildi. Hər iki komanda çempionatı yeni baş məşqçinin rəhbərliyi altında başlayırdılar. Və baxmayaraq ki, Mirça Redinikın XL-i Toni Adamsın "Qəbələ"-sini 1:0 hesabı ilə məğlub etdi, hər iki məşqçinin debütunu uğurlu adlandırmaq olar. Lakin, hesab edirik ki, Adamsı narahat edən bir məqam var – hücum. Hücumda demək olar ki, heçnə alınmırdı. "Qəbələ" daha çox dağıdıcı oyun nümayiş etdirdi. Düzdü, ikinci hissədə oyun bir azca olsa da bərabərləşdi, lakin buna baxmayaraq XL-in müdafiəçisi Beqiri 77-ci dəqiqədə oyunda yeganə qolu vurdu.
Gəncədə esə eyniadlı komanda "Simurq"-u qəbul edirdi. Oyun çox sakit məcrada keçirdi. Komandalar bərabər oyun nümayiş etdirirdilər. Lakin ikinci hissədə gəncəlilər topu mərkəzdən başlamağa məcbur oldular: bu kiçik Tsxadadze – Baçane – həm çempionatın, həm özünün, həm oyunun, həm də ki komandanın ilk qolunu vurdu. Lakin "Gəncə" öz qayıdışını məğlubiyyətlə qeyd etməki niyyətində deyil idi və artıq on dəqiqədən sonra, yəni 83-cü dəqiqədə Sabir Allahquliyev hesabı bərabərləşdirdi.
Avqustun 8-i isə daha üç görüş keçirildi. Tovuzun "Turan" komandası öz meydançasında Bakının "İnter"-ini qəbul edirdi. Artıq 16-cı dəqiqədə hesab 0:3 qonaqların xeyrinə idi. Ümumiyyətlə oyun "bankirlərin" böyük üstünüyü ilə keçdi. Görünür Sakit Alıyevin yetirmələri bu cür oyunu rəqibdən gözləmirdilər, çünki komandanın sərgilədiyi futbol məhz bunu söyləməyə imkan verir. Tsxadadzenin komandası haqqında isə nəsə demək hələ ki çətindi. Çünki bu günki oyun daha çox yoxlama oyununa bənzəyirdi.
MOİK isə öz meydançasında Səlyanın "Muğan" klubunu qəbul edirdi. Baxmayaraq ki, ilk hissə səlyanlıların azacıq üstünlüyü ilə keçirdi oyunda ilk qolu məhz ev sahibləri açdılar. Qol yağışı ikinci hissədə başlandı. Əvvəlcə "Muğan" hesabı 1:1 elədi və iki dəqiqədən sonra artıq səlyanlılar ikinci topuda vurdular. Bundan sonra isə 22-yaşlı Anar Qasımovun benefisi başlandı. Əvvəlcə o MOİK-in bərabərlik topunun vurdu. Oyuna 7 dəqiqə qalmış isə komandasına qələbə gətirdi. Ümumiyyətlə bu oyunçu çox yaxşı təsir bağışladı.
Və nəhayət turun ən gözlənilən oyunu "Neftçi" və "Qarabağ" komandaları arasında baş tutdu. Çoxları bu görüşdə Qurban Qurbanovun komandasını əsas heyətlə oynayacağına inanmırdı. Düzdü, Qeorqi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev meydançada ilk dəqiqədən deyildilər, lakin onların hamısı bu oyunda azı bir taym oynadı. Və bu çox yaxşı bir haldı ki, komanda üç gün ərzində belə isti hava şəraitində iki vacib oyun keçirə bilir.Ancaq digər tərəfdən, "Neftçi"-nin oyunu narahat doğururdu. Əsasən də, hücum xəttində. Əlbətdə, komandanın yeni transferi Emil Mpenzadan heç kəs ilk görüşdə qol yağışını gözləmirdi. Amma ümumiyyətlə hücum xətti ikili təsir bağışladı. Lakin iknci hissədə meydançaya daxil olan Bagodir Nəsimov növbəti dəfə komandanın heyətində fərqləndi. Artıq dörd oyundu ki, bu oyunçu meydançanı qolsuz buraxmır. Düzdü, Qurbanov demişkən "çox sadə qol idi", amma qol Afrikada da qoldu. Lakin bu qoldan əvvəl meydançaya ikinci hissədə daxil olmuş digər futbolçu Rəşad Sadiqov "Qarabağ"-ı hesabda irəliyə çıxartdı: Adamiyanın uzaqdan vurulan güclü zərbəsini qapıçı Paulis Qribauskas tuta bilmədi və qapıçıdan qayıdan topu Sadiqov demək olar ki, boş qapıdan keçirtdi.
Birinci turun nəticələri:
"Bakı" – AZAL – 2:3. Qollar: Yuşka, 44 (0:1), 52 (0:2), Bunyevçeviç, 54 (0:3), Jaba, 64 (1:3), 78 (2:3)
"Gəncə" – "Simurq" – 1:1. Qollar: Tsxadadze, 73 (0:1), Allahquliyev, 83, (1:1)
"Xəzər-Lənkəran" – "Qəbələ" – 1:0. Qol: Beqiri, 77
"Turan" – "İnter" – 0:3. Qollar: Poşkus, 2 (0:1), Mario Souza, 5 (0:2), Kruqlov, 16 (0:3)
MOİK – "Muğan" – 3:2. Qollar: Qurbanov, 32 (1:0), Hociç, 59 (1:1), Pisla, 64 (1:2), Qasımov, 68 (2:2), 83 (3:2)
"Neftçi" – "Qarabağ" – 1:1. Qollar: Sadiqov, 80 (0:1), Nəsimov, 88 (1:1).
