11 avqust 2010 00:26
Everton Neftçi`yə məktub göndərdi
Azərbaycanın "Neftçi" klubunun futbolçusu Araz Abdullayevi transfer etməkdə israrlı olan İngiltərənin "Everton" komandasından flaqmana məktub daxil olub. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, 18-yaşlı yarımmüdafiəçinin transfer məsələsi ilə məşğul olan "Everton"-un meneceri Tasos Anaqusosun yazdığı məktubda bildirilir ki, İngiltərə klubunun nümayəndələri Bakıya səfər edəcəklər.
"Everton" rəhbərliyi və məşqçiləri Araz Abdullayevin transferində marağını davam etdirir. Bildiyiniz kimi, bu futbolçu bir müddət öncə klubumuzda tibbi müayinədən uğurla keçib. "Everton"un məşqçi korpusu Abdullayevin oyunları yazılmış diskləri izləyib və onun komandamız üçün çox faydalı olacağını düşünür. Yəni, "Neftçi"nin futbolçusu hələ də "Everton"un maraq dairəsindədir. Sadəcə, ötən ay "Everton"da klubdaxili problem yaranıb. Bir futbolçu komandanın düşərgəsini özbaşına tərk etdiyindən, arzuolunmaz vəziyyət yaranıb. Hazırda bu problemi yoluna qoymaqla məşğuluq. Klubdaxili problem həllini tapdıqdan sonra, "Everton"un nümayəndələri Araz Abdullayevin transferi ilə bağlı Bakıya gələcəklər", - məktubda bildirilir.
Qeyd edək ki, komandanın istedadlı futbolçusu ilə "Everton"-la yanaşı, digər Avropa klubları da maraqlanırlar.
