12 avqust 2010 00:19
"Tək qanadlı" yığmamız
Bu gün Azərbaycanın futbol üzrə milli komandası Bakıda Küveyt yığması ilə yoldaşlıq oyununu keçirdi. Azerisport.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatdı.
Oyunu iki hissəyə bölmək olar. Birinci hissədə müasir Azərbaycan yığması, ikinci hissədə isə "yenə də müdafiədə səhv" Azərbaycan yığmasını gördük. Əlbətdə, bu yoldaşlıq oyunudu, burada eksperimentlər aparılmalıdı və aparıldı. Misal üçün, Elnur Allaherdiyev dayaq yarımmüdafiəçi mövqeyində. Futbolçunun bu mövqedə çıxışı barəsində baş məşqçi Berti Foqtsun rəyini biz hələ ki bilmirik. Lakin, etiraf etmək lazımdır ki, bu mövqe Elnura çox yaraşdı.
Komandamızın oyun taktikası da marağlı idi. İlk dəfədi ki, komandanın heyətində sərbəst oyunçu var idi, yəni, dəqiq mövqeyi olmayan. Bu vəzifə isə Vaqif Cavadova həvalə olundu. Vaqifə bu oyunda çoxlu ümidlər bəstələnirdi. Ən azı hər bir azərkeş istəyirdi ki, futbolçu bu oyunda qol vursun və çıxış etdiyi "Twente" klubunun baş məşqçisi Mişel Prüdom görsün ki, necə bir oyunçuya inam göstərmir. Lakin səkkiz aya yaxın sadəcə məşq və üç-dörd yoxlama görüşlərində iştirak edən futbolçuda demək olar ki oyun praktikası yoxdur. Və nəticədə Vaqif öz oyunu ilə bu gün o qədər də yaxşı təsir bağışlamadı. Amma inanırıq ki, bu oyunçuda hər şey alınacaq.
Allahverdiyevin sol cinahda yerini tutmuş Ruslan Əmircanov ikili təsir bağışladı. Bir tərəfdən hücumlara yaxşı qoşulurdu, digər tərəfdən isə müdafiədə çatdırmırdı. Əslində, millimizin sol cinahı təkcə oyunun əvvəlində və sonunda nəsə edirdi. Sağ cinah isə, əksinə. Həm müdafiədə, həm də ki hücumda sağ cinahda səhv demək olar ki yox idi. Oyunda ən yaxşı təsir Rəşad Sadiqov və məhz sağda çıxış edən Mahir Şükürov bağışladılar. Ümumiyyətlə komandada oyunçular arasında müntəzəmlik pis idi. Və bəzi futbolçular özləri də bunu etiraf etdilər.
Millimizin oyunununa gəldikdə isə, hiss olunurdu ki, komandada ideya, fikir çatışmır. Həmin ideyaları Elvin Məmmədov və Vaqif Cavadov yaradmalı idilər, lakin hər dəfə nəsə çatışmırdı. Yəgin, Şükürov da bunu görüb özündən fikirləşdiki bu ideya o olacaq. Sağ cinahda növbəti təhlükəli reydi: üç rəqib oyunçusu yerdə (top axtarışında) və Mahirdən Elvinə gözəl ötürmə, zərbə, rikoşet, qol! Düzdü, Elvinin son zərbəsi daha çox ötürməyə oxşayırdı (müdafiəçiyə çox sağ ol), lakin kombinasiyanın özü... Bu əsl gözəl futboldu. Əgər heç olmasa hücumlarımızın yarısı belə kombinasiyalarla keçsə, müdafiədəki səhvlər komandanı və azərkeşləri heç narahat etməz.
Müdafiə səhvləri isə... Sadəcə bir şey deyək ki, bu yoxlama oyunudu... Və bəzi futbolçular millinin heyətində bir-biri ilə ilk dəfədi ki, oyanyırlar.
Hazırlıq məqsədini daşıyan Küveyt yığması ilə oyun komandanın zəif yerlərini bizə göstərdi – sol cinah və məqsədsizlik. Bəli... Məqsədsizlik. Ayrı-ayrı oyunçularda bu görsənirdi... Məqsədsizlik o məna da ki, ilk qoldan sonra komadanın oyunu elə bil ki dəyişdi. Sanki bir anlıq arxayınlıq baş verdi və nəticədə qapımız qarşısında bir neçə təhlükəkli vəziyyətlər yarandı. Onlardan biri də qolla nəticələndi.
Avro-2012-nin seçmə mərhələsinə artıq bir aydan da az vaxt qalıb. İlk oyunumuz səfərdə Almaniya yığmasına qarşı olacaq. Növbəti qitə turniri bizə nə gətirəcək... Bunu komandamız bizə göstərəcək.
