14 avqust 2010 23:09
Nazim Süleymanov: Bu gün zəif oynadıq
Azərbaycan Premyer-liqasının 2-ci turuna bu gün keçirilən AZAL - "Turan" oyunu ilə start verildi. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İlk turda "Bakı"-nı məğlub edən AZAL "Turan"-a da qalib gələrək turnir cədvəlinin vahid lideri oldu. Oyundan sonra hər iki komandanın çalışdırıcıları öz fikirləri ilə bölüşdü.
"İlk turda məğlub olduq, səhvlərimizi gördük. Bu oyuna daha yaxşı hazırlaşdıq. Özünün də gördünüz ki, komandamız necə oynadı. "Turan" əsasən gənc futbolçulardan təşkil olunub. Baxmayaraq ki, komandaların əksəriyyəti legionerlərdən təşkil olunub Tovuz futbol məktəbini yetirmələri onların hamısına qarşı yaxşı oyun nümayiş etdirir", - "Turan"-nın baş məşqçisi Sakit Alıyev dedi.
"Bu gün "Turan" çox yaxşı oynadı. Qələbə yaxşıdır, futbolçularımı təbrik edirəm. Komandamız bu gün "Bakı" ilə oyundan fərqli zəif oynadı. Futbolçularımız sanki eyforiyaya qapılmışdılar. Çempionat hələ yeni start götürüb, futbolçular qarşıdakı oyunların hamısına qələbə üçün köklənməlidirlər. Sakit Alıyevi bu cür komanda yaratdığı üçün təbrik edirəm", - AZAL-ın çalışdırıcısı Nazim Süleymanov bildirdi.
