23 avqust 2010 14:47
Fırtına Sxadadzeyə: Sizə toy tutarıq
Azerisport.az xəbər verir ki, "Xəzər-Lənkəran" - "İnter" oyununda qonaqların baş məçqçisi Kaxaber Sxadadze Mirça Redniki söyməsi ilə əlaqədar "Fırtına" fan-klubu bəyanat yazıb.
Sən ki pis oğlan deyilsən. Pis futbolçu da olmamısan, məşqçiliyini də Fırtnaçılar olaraq hər zaman bəyənmişik, hətta sevimli klubumuz "Xəzər Lənkəran" məşqçisiz olarkən səni də baş məşqçi kimi görmək istəmişik. Sən Azərbaycan futboluna bələdsən, hakimlərinə bələdsən, klublarını tanıyırsan, məşqçilərini də tanıyırsan, fanatlarını da görmüsən... amma deyəsən Fan Klubları yaxşı tanımamısan.
Sizinlə özəl tanış da ola bilərik amma güman edirik ki, bu məqaləni sizin üçün tərcümə edəcək mətbuat xidmətinin işçisi bizim barəmizdə sizə məlumat verəcək. Biz "Fırtına" fan klubu olaraq futbolumuzda və klubumuzda baş verən bütün hadisələrə ədalətli münasibət bildirmişik. Elə məşqçilərimiz olub ki, onlara dözmüşük, eləsi olub ki, əlimizdən dad eliyib və demək olar ki hamısı müəyyən dövrlərdə möhtəşəm dəstəyimizi görmüşdür.
Mirça Rednik klubumuzun baş məşqçisidir. Nə qədər ki, "Xəzər Lənkəran" naminə o öz əlindən gələni əsirgəməyəcək, o bizim hamımızın başımızın tacıdır. Ona deyilən sözü bizə deyilmiş, edilən haqsızlığı özümüzə edilmiş hesab edəcəyik. İstifadə etdiyiniz təhqiramiz ifadə çoxlarının başını ağrıdıb. Məhz Fırtınalar Meydanında belə hadisələr baş verdiyi üçün zərərçəkmişlərin aqibəti barədə xəbərdar olsanız yaxşıdır.
Ola bilsin Rednik sizə adekvat cavab verməyib. Amma bunu edəbiləcək cəsarətə sahib olan və sizin tanımadığınız sərhədləri 100 qat tanımayan fanatlar vardır. Siz jurnalistlərlə, həmkarlarınızla, futbolçularınızla istədiyiniz kimi danışıb almadığınız cavabları 90 dəqiqə oyundan əvvəl, 90 dəqiqə oyun ərzində və 90 dəqiqə oyundan sonra Şəfa stadionunda və Fırtınalar meydanında ala bilərsiniz, nəinki ingilis dilində. "Xəzər Lənkəran" - "İnter" oyununda komandamıza yeni qatılan məşqçi və futbolçulara rumınca necə dəstək vermişiksə, gürcü dilində də bərabər amma fərqli "gözəllikdə" sizə "toy" tutarıq.
Biz "Fırtına" fan klubu olaraq yeganə dost Fan Klubumuz olan "İnter" Fan Klubuna, PFL-ə, "İnter" Futbol Klubunun rəhbərliyinə və KİV-ə müraciət edərək bu məsələyə ciddi yanaşmalarını xahiş edirik. Cənab Kaxaber Sxadadzedən də ən qısa müddətdə Fanatlarımızdan və baş məşqçimiz Mirça Rednikdən üzr istəməsilə bu xoşagəlməz hadisəni bir səbəbkar kimi vaxtında aradan qaldırmasını istəyirik.
"Fırtına" Fan Klubu
