24 avqust 2010 17:48
Vinfrid Şefer: Azarkeşlərin futboldan zövq almasını istəyirəm
Azərbaycanın “Bakı” klubunun baş məşqçisi Vinfrid Şefer həftə sonu "Qarabağ"-a qarşı keçirəcəyi oyun barədə fikirlərini bildirdi.
"Bazar günü bizi çox maraqlı oyun gözləyir. Çünki Azərbaycanın ən iddialı klublarından ikisi qarşılaşacaq. "Qarabağ"-ın Avropa Liqasındaki oyunlarını izləyirəm. Cümə axşamı da stadionda olacağam və "Borussia" ilə oyunda "Qarabağ"-a azarkeşlik edəcəyəm. Çünki son zamanlar Azərbaycan futbolu yüksəlişdədir. Bu səbəbdən də "Qarabağ"-ın qələbə qazanmasını istəyirəm.
İnanıram ki, "Qarabağ" – "Bakı" oyunu futbol bayramına çevriləcək. Çox istərdim ki, bu qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılsın. Dediyim kimi, azarkeşlərin futboldan zövq almasını istəyirəm. Çünki futbol məhz onlar üçün oynanılır. Dolu tribunaların dəstəyi altında çıxış etmək futboçulara da böyük zövq verəcək", - azerisport.az xəbər verir ki, bunu Şefer "Bakı"-nın rəsmi saytına bildirdi.
