25 avqust 2010 00:11
"Flaqman" fan-klubu: Neftçi`nin uğurları bəzi qara qüvvələri qıcıqlandırır
Azərbaycanın "Neftçi" klubunun "Flaqman" Azad Azarkeşlər Klubu İctimai Birliyi bəyanat yayıb. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, bu bəyanatda bildirilir:
"2005-ci ildən "Neftçi" çempion ola bilmir. Buna baxmayaraq, hər zaman doğma komandamızın yanında olmuşuq, onu yalnız buraxmamışıq. Fan klubumuzun üzvlərinin sayı durmadan artır. Bu mövsümdən komandaya yeni və səviyyəli futbolçuların cəlb edilməsi bizi sevindirir. Lakin "Neftçi"-nin uğurlu startı, yəni Premyer-liqada 3 turdan sonra 7 xalla turnir cədvəlinin ilk pilləsində olması, bütün komandalardan çox – 7 qol vurması bəzi qara qüvvələri qıcıqlandırır. Biz "Neftçi"-nin uğurlarına kölgə salmaq istəyənlərə üzümüzü tutub deyirik ki, öz işləri ilə məşğul olsalar yaxşıdır, yoxsa onlara qarşı mübarizə aparacağıq. Hədəfimiz çempion olmaqdır. Hal-hazırda çempionatın lideri olmağımız da məqsədimizə çatacağımıza işarədir. "Neftçi" rəhbərliyinə, məşqçilərə, futbolçulara sonadək dəstək olacağıq".
