8 sentyabr 2010 16:01
Kamran Ağayev: Bizə başa saldılar ki, irəliyə getmək lazım deyil
Azərbaycanın futbol üzrə yığma komandasının qapıçısı Kamran Ağayev Avro-2012-nin "seçməsində" Almaniya komandasına 1:6 hesablı məğlubiyyətdən sonra azerisport.az saytına öz fikirlərini bildirdi. "Kimisə günahlandırmaq düzgün deyil. Rəqibə hər bir komponentdə məğlub olduq. Karyeram ərzində mən çox şey görmüşəm. Lakin ilk dəfədir ki belə biyabırçılıq gördüm. Elə hiss yarandı ki, almanlar 90 dəqiqə ərzində bizə aid olan meydanın hissəsində məşq edirdi. Oyundan öncə məndən soruşurdular ki, 0:4 sizə bəs edər? Şəxsən mən bura qələbə dalınca gəlmişdim. Lakin bizə başa saldılar ki, irəliyə getmək lazım deyil. Başa düşə bilmirəm, kim bunu bizə dedi. O zaman nəyə görə gəlmişdik? Əgər yığma lazım deyilsə, qoy onda hər kəs öz klubunda çıxış etsin və orada da pulunu qazansın", - Ağayev dedi.
