10 sentyabr 2010 13:50
Cokiça HACIYEVSKI: Bütün komanda şok vəziyyətindədir
Azərbaycan yığmasının keçmiş, Zaqatalanın "Simurq" komandasının hazırki baş məşqçisi Cokiça Haciyevski azerisport.az saytına müsahibə verdi.
Almaniya – Azərbaycan oyununun nəticəsi sizi təəcübləndirdi?
Çox təəcübləndirdi. Əlbətdə, almanlar güclüdür. Lakin mübarizə sərgiləmədən 1:6 hesabı ilə məğlub olmaq... Bu iflasdır. Həmkarım Berti Foqtsu tənqid etmək niyyətində deyiləm. Amma deməliyəm ki, "bundestim" çox yaxşı nəticə qazandı. Rəqib qol vuranda o qədər də əziyyət çəkmirdi. Sanki məşqdə idilər.
Bunun səbəbi nədədir?
Əgər biz almanlara qarşı oynamağa hazır deyildiksə, bunu əvvəlcədən bildirmək lazım idi. Azərbaycanda yaxşı futbolçular var. Lakin bu oyunla onlar həm özlərini, həm də xalqı şoka salırlar. Hesab edirsiniz ki, 1:6 hesabı sadə nətiədir? Bütün komanda indi şok vəziyyətindədir.
Yadınızdadırsa, siz demişdiniz ki, yığmanın təqvimi uğursuz alındı?
Bunu fevraldan deyirəm. Bu cür təqvimə necə razılıq vermək olardı, mən bilmirəm. Artıq ilk oyunda Almaniyaya qarşı, üstə gəl səfərdə... Belə olmaz. Həmçinin, 0:3 hesablı məğlubiyyət normal haldır deyənləri də başa düşə bilmirəm. Böyük komandalara qarşı oynamışam, lakin bu cür bəyanatlar etməmişəm. Axı oyunçular da bunu oxuyur, eşidir.
Bəlkə bununla azərkeşləri hazırlamaq istəyirdilər?
Hər halda mən bunu başa düşmürəm. "Qarabağ"-ın oyunçularına bir fikir verin – görün onlar avrokuboklarda nə cəsarətlə mübarizə aparırdı. Evdə "Borussia"-ya qarşı normal görsənirdilər. Azərbaycandan başqa o axşam San-Marino və Farer adaları da darmadağın olundu. Komandanı bu vəziyyətdə görmək mənim üçün ağır gəlir.
Foqtsun gəlişindən sonra millidə hansı dəyişikliklər baş verdi?
Həmkarım tənqid etmək istəmirəm. Amma ilk "seçmədə" biz 5 xal topladıq, indi isə 8-9 lazımdır. Yoxsa elə alınacaq ki, bu vaxt boşa gedib. Adətən məşqçiyə 8-9 il verilmir.
