12 sentyabr 2010 21:39
Cokiça Haciyevski: Üstünlükdən yararlana bilmədik
Azərbaycan çempionatının 5-ci turunda AZAL "Simurq"u qəbul etdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, ilk hissəsi qolsuz bərabərliklə başa çatan oyunun ikinci hissəsində qapılara üç qol vuruldu. Cari mövsümdə növbəti dublunu rəsmiləşdirən AZAL-ın hücumçusu Qvidas Yuska komandasının qələbə qazanmasında pay sahibi oldu - 2:1.
"AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Nazim Süleymanov Azərbaycanın ən məşhur futbolçularından olub. Çox gözəl komanda qurub. Komandamız ilk qolu penaltidən buraxdı, ardından da ikinci qolu qapımızda gördük. Oyunun son 15 dəqiqəsini rəqib azlıqda qalsa da, bu üstünlükdən yararlana bilmədik. Komandamızın oyunu getdikcə yaxşılaşır. Fikrimcə zaman keçdikcə daha da yaxşı oynayıb, turnir cədvəlində irəliləyəcəyik", - "Simurq"-un baş məşqçisi Cokiça Haciyevski bildirdi.
"Kimliyindən və turnir cədvəlində hansı mövqe tutduğundan asılı olmayaraq, rəqibə hörmətlə yanaşmaq lazımdır. Qalib gəlməyimiz yaxşıdır, lakin qələbə yaxşı oyunla qazanılsa daha xoşdur. "Simurq" əsasən gənc futbolçulardan təşkil olunub. Belə komanda qurduğu üçün Cokiça Haciyevskini təbrik edirəm. Qarşıdakı oyunlarda uğurlar arzulayıram", -AZAL-ın çalışdırıcısı Nazim Süleymanov dedi.
