15 sentyabr 2010 00:13
Arif Əsədov Neftçi`nin oyununa təsir edən amillərə toxundu
Azərbaycan Premyer-liqasının 5-ci turuna bu gün keçirilən "Neftçi" – "Muğan" oyunu ilə yekun vuruldu. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, çempionatın ən sərrast futbolçusu Bahodir Nasimovun penaltidən vurduğu qol sayəsində "Neftçi" aktivinə növbəti 3 xalı yazaraq, turnir cədvəlində "Xəzər-Lənkəran"-la birgə zirvəyə şərik oldu.
"Neftçi" çox güclü komandadır. Son oyunlarda çox şanssız qollar buraxırıq. Bu oyunda da penaltidən qapımızda qol gördük. Əvvəlki illərlə müqayisədə çempionatın səviyyəsi artıb. Artıq öncədən oyunda hansı komandanın qalib gələcəyini demək çox çətindir", - "Muğan"-nın baş məşqçisi Almir Hurtiç dedi.
"Bugünkü oyunda yaxşı oynamasaq da, qalib gəldik. Futbolda belə də olur. Komandanın oyununun yaxşı alınmamasında futbolçuların milli komandaların düşərgəsində olması və oyunun başqa tarixdə keçirilməsi təsir etdi. Futbolçular bir-birini anlamaqda çətinlik çəkirdi. Son iki gündə həm təbii, həm də süni örtüklü meydançalarda məşq etməyimiz də oyunumuza təsir edən amillərdəndir", - "Neftçi"-nin çalışdırıcısı Arif Əsədov bildirdi.
