19 sentyabr 2010 00:01
Mirça Rednik: Komandadan razı qalmadım
Azərbaycan çempionatının 6-cı turunda "Muğan" doğma meydanda "Xəzər-Lənkəran" klubunu qəbul etdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı - 0:0.
"Komandanın oyunundan razı qalmadım. Bu gün çox güclü bir rəqibə qarşı mübarizə apardıq. Turnir cədvəlinin ön pillələrində olduğumuzdan buraya qələbə üçün gəlmişdik. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm. Oyun boyu müəyyən səhvlərimiz oldu. Oyunu təhlil edib səhvləri aradan qaldıracağıq", - XL-ın baş məşqçisi Mirça Rednik dedi.
"Komandamı "Neftçi" və "Xəzər Lənkəran"-la oyunlarda göstərdikləri oyuna görə ancaq təbrik edə bilərəm. Futbolçularım rəqibə qarşı yüksək səviyyədə mübarizə apardılar. Öncəki oyunda şanssız anlar yaşadıq, "Neftçi"yə penalti qolu ilə məğlub olduq. Lakin hər iki oyunda futbolçularım mübariz oyun göstərdilər. Hücumda müəyyən çətinliklərimiz var. Lakin ümumilikdə komandadan və nəticədən razıyam, futbolçularımı təbrik edirəm", - "Muğan"-nın çalışdırıcısı Almir Hurtiç bildirdi.
