20 sentyabr 2010 16:09
Ruslan Abışov: XL qarşı keçiriləcək oyuna hazıram
Zədəsini sağaltmaq üçün Almaniyanın Köln şəhərində müalicə kursu keçən Azərbaycanın "Neftçi" klubunun müdafiəçisi Ruslan Abışov Bakıya qayıdıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23-yaşlı futbolçu müalicə prosesi və yaşıl meydanlara qayıdacağı tarixlə bağlı məlumat verib.
"Köln şəhərində yerləşən "Media Park" xəstəxanasında müalicə olunurdum. Bu xəstəxananın xidmətindən bir sıra tanınmış futbolçular da istifadə edirlər, orada müalicə alırlar. "Media Park"-da mənə dörd həkim nəzarət edirdi. Gündəlik müalicə ilə yanaşı, məşqlərə də ara vermirdim. Bərpa prosesi başa çatdıqdan, tam hazır olduqdan sonra məni xəstəxanadan buraxdılar. Artıq "Neftçi"-nin düşərgəsinə qoşulmuşam və komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçimiz şans verəcəyi təqdirdə, həftəsonu "Xəzər-Lənkəran"-a qarşı keçiriləcək səfər matçında oynamağa hazıram".
