22 sentyabr 2010 00:00
Neftçi klubunun bəyanatı
Azerisport.az xəbər verir ki, Bakının "Neftçi" klubu Azərbaycan çempionatının 7-ci turu çərçivəsində "Xəzər-Lənkəran" komandası ilə keçiriləcək oyun ərəfəsində bəyanət yayıb.
"Premyer-liqanın daha maraqlı alınmasında bir sıra prinsipial matçların da təsiri var. Ancaq şübhəsiz ki, çempionatın bəzəyi, necə deyərlər, "şah əsəri" "Neftçi" və "Xəzər-Lənkəran" arasında keçirilən oyunlardır. Bu komandaların görüşü həmişə böyük ajiotaj doğurur, stadionlara on minlərlə azarkeş toplayır. Cari mövsümdə də əzəli rəqiblərin qarşılaşması daha səbirsizliklə gözlənilir. Çünki Sadıq Sadıqov "Neftçi" klubunun prezidenti olduqdan flaqmanda müsbətə doğru dəyişikliklər baş verib. Klub rəhbərliyinin mövsümlərarası fasilədə həyata keçirilən uğurlu transfer siyasəti və məqsədyönlü təlim-məşq toplanışları çempionatın elə ilk turlarındaca bəhrəsini verdi. Məhz bunun nəticəsidir ki, "ağ-qaralar" hazırda 16 xalla Premyer Liqanın vahid lideridir. Komandamız meydana çıxdığı 6 görüşdə 14 qol vurmaqla, həm də ən məhsuldar kollektivdir. Bəzən "Neftçi"nin matçlarında hakim səhvləri olsa da, flaqman öz parlaq oyunu ilə bunları ört-basdır edib. Həftəsonu Premyer-liqanın 7-ci turu çərçivəsində "Neftçi"-ni qəbul edəcək "Xəzər-Lənkəran" da ölkəmizin ən güclü klublarından biridir. Lənkəran təmsilçisi mübarizə apardığı çempionatlarda adətən favorit qismində göstərilir. Bu mövsümün startı "Xəzər-Lənkəran" üçün heç də pis başlamayıb. Turnir cədvəlində "Neftçi"-dən sonra ən yaxşı nəticəni məhz "Xəzər-Lənkəran" göstərib və hazırda 2-ci pillədə qərarlaşıb.
Sentyabrın 25-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər-Lənkəran" - "Neftçi" matçı bəlkə də bu ilin ən maraqlı oyunu olacaq. Qarşılaşmanın keçirilməsinə bir neçə gün qalsa da, futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər əsasən bu görüş barədə fikir mübadiləsi aparır, səbirsizliklə start fitinin çalınmasını gözləyirlər. Daima Azərbaycan futbolunun inkişafına töhfəsini verən "Neftçi" bu oyuna həssaslıqla yanaşır. Komandamız həmişə olduğu kimi, sentyabrın 25-də "Xəzər-Lənkəran"la səfər qarşılaşmasında da idman prinsipləri əsasında mübarizə aparacaq. Flaqman üzvləri meydanda "Fair play" qaydalarını gözləyərək, azarkeşlərin bu matçdan zövq almasına çalışacaq. "Neftçi" olaraq, hər iki komandanın azarkeşlərini sevimli klublarına dəstək verməyə çağırırıq. Ən əsas istəyimiz budur ki, "Xəzər-Lənkəran" - "Neftçi" oyununda Azərbaycan futbolu qazansın!"
Mənbə: "Neftçi" klubunun rəsmi saytı
