23 sentyabr 2010 00:08
Qurban Qurbanov: Bir az yüngül oyun oldu
Bu gün Azərbaycan Premyer-liqasının 2-ci turundan təxirə salınmış "Qarabağ" – "Gəncə" oyunu keçirilmişdir. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi xal ehtiyatını artıraraq turnir cədvəlində bir pillə irəliləyib.
"İlk öncə "Qarabağ" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda əsas heyətin 3 oyunçusu müəyyən səbəblərdən iştirak etmirdi. Bu da bizim oyunumuza təsirsiz ötüşmədi", - "Gəncə"-nin baş məşqçisi Fuad İsmayılovbildirdi.
"Gəncə şəhərində futbolun bərpa olunmasına çox şadam. Gəncə şəhəri Azərbaycan üçün ən çox futbolçu yetişdirən şəhərlərdəndir. "Gəncə" komandasının "Bakı" ilə oyununu izləmişdim. Komanda müdafiədə düzgün oynayır, boşluqları doldururlar. Buna baxmayaraq, çoxsaylı hücumlar qurub istəyimizə çatdıq, qol vurduq. Deyərdim ki, bir az ağır, bir az yüngül oyun oldu. Artıq "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayacağıq. İnanıram ki, "Gəncə" klubunun oyununda irəliləyiş olacaq və onlar qələbə ilə azarkeşlərini sevindirəcəklər", -"Qarabağ"-ın çalışdırıcısı Qurban Qurbanovdedi.
